3 Fevral 2017 20:53
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Gömrük Təşkilatının saytında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyilə bağlı material yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, materialda yubiley tədbirləri çərçivəsində ÜGT-nin Baş katibi Kunio Mikuriyanın ölkəmizə səfəri, Azərbaycan Prezidenti ilə görüşü və iştirak etdiyi tədbirlər barədə məlumat və fotolar verilib.
“Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda keçirilmiş iqtisadi təhlükəsizlik mövzusunda konfransda iştirak edib” sərlövhəli məlumatda ÜGT-nin Baş katibi Kunio Mikuriyanın Beynəlxalq Gömrük Günü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin dəvəti ilə yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktiki konfransın açılış mərasimində çıxış etmək üçün Bakı şəhərinə səfər etdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, ÜGT-nin Baş katibi öz çıxışında Azərbaycan gömrüyünün tarixinə nəzər salıb və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə, Regional Tədris Mərkəzinə və Regional Kinoloji Mərkəzinə ev sahibliyi etməklə təşkilata, xüsusilə insan resurslarının inkişafına yönələn beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verdiyini vurğulayıb, həmçinin ÜGT-nin potensialın gücləndirilməsi sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Məlumatda Baş katibin Azərbaycan Gömrük Xidmətinə 2015-ci ildə ÜGT-nin PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransına mükəmməl ev sahibliyi etdiyi üçün də təşəkkürünü bildirdiyi qeyd olunub. “Doktor Mikuriya Azərbaycanın bilik və texnologiyanın əhəmiyyətinə verdiyi önəmi təqdir edib və bildirib ki, belə bir strategiya ÜGT-nin 2017-ci il üzrə “Səmərəli sərhəd idarəçiliyi üçün məlumatların təhlili” mövzusu üçün mükəmməl siyasi platforma təmin edib”, - deyə məlumatda əlavə olunub.
Daha sonra, materialda ÜGT-nin Baş katibi Kunio Mikuriyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü və gömrük işinin müasirləşdirilməsi işinə güclü siyasi dəstəyə görə dövlət rəhbərliyinə minnətdarlıq etdiyi, öz növbəsində, Azərbaycan Prezidentinin ÜGT ilə gələcək əməkdaşlığa davamlı dəstək gəstərəcəyini bildirməsi qeyd olunub.

ÜGT Baş katibinin Bakıya səfəri çərçivəsində Muzey Mərkəzində Azərbaycan Respublikası Baş nazirinin müavini və mədəniyyət və turizm nazirinin iştirakı ilə “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərginin açılışına da qatıldığı və cəmiyyətin mütəşəkkil cinayətkarlıq və terror təşkilatlarından mühafizəsində, o cümlədən mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük xidmətinin töhfəsini müsbət qiymətləndirdiyi barədə də məlumat verilib.


Müəllif:

Oxşar xəbərlər