4 Fevral 2017 13:15
4 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Xaçmaz rayonu Ağarəhimoba kənd ibtidai məktəbində şagirdlərin az olması səbəbindən siniflərin komplektləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

Xəbər verilirdi ki, sözügedən məktəbdə cəmi 24 şagird təhsil alır. 1-ci siniflə 3-cü sinif bir otaqda, 2 və 4-cü sinif şagirdləri də digər bir otaqda bərabər dərs keçirlər. 4-cü sinifdə yalnız bir şagird oxuduğu üçün o, özündən 2 yaş balacalarla bir yerdə təhsil alır.

Teleqraf.com-un Təhsil Nazirliyinə ünvanladığı "Şagirdlərin birgə dərs keçməsi tədris qaydalarına uyğundurmu" sualına isə belə cavab verilib: “Bu, heç də qeyri-adi məktəb deyil. Bu siniflər komplekt siniflər adlanır. Şagird sayı az olduğuna görə eyni sinifdə 1 və 3-cü sinif və ya 2 və 4-cü sinif şagirdlərinin birgə dərs keçməsi məqbul hesab olunur” .

Təhsil eksperti Kamran Əsədov deyir ki, Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir: “Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 19.01.2012-ci il tarixli Qərarında qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir.

Əvvəllər belə idi ki, 1 və 3-cü , 2 və 4-cü siniflər komplekt ola bilərdi. Amma kurikulum standartları bunu inkar edir. Nəzərə alsaq ki, hazıırda o məktəbdə kurikulum standartları ilə tədris həyata keçrilir, deməli, komplektləşdirmə ola bilməz.

Həmin ibtidai məktəbdə siniflərin birləşdirilib ümumilikdə tədrisin aparılmasına ehtiyac yoxdur. Bunun heç bir effekti ola bilməz”.

Kamran Əsədovun fikrincə, yaxşı olardı ki, azsaylı olsa belə, eyni yaş kateqoriyasına malik şagirdlərdən siniflər təşkil olunsun: “Bu şagirdə verilən dəyərin göstəricisi ola bilər. Bəlkə o şagird gələcəyin həkimi, ixtiraçısı olacaq...

Bir misal deyim: Yaponiyada cəmi bir sərnişin üçün dəmir yolu stansiyası fəaliyyət göstərir. Bu ölkənin Dəmir Yolları Şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib-gələ bilsin. Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır – gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda. Dəmir Yolları Şirkəti nəinki stansiyanı bağlayır, hətta məktəbliyə görə ən ucqar stansiyaya gedən qatarı gimnaziya tələbəsinin dərsə getməsinə və geri qayıtmasına uyğunlaşdırıb.

Qatarın hərəkət sxemi məktəblinin vaxtına uyğunlaşdırılıb. Şagird məktəbə gedəndə qatar stansiyaya yaxınlaşır. O, günorta dərsdən qayıdanda isə məktəblini stansiyaya gətirir. Təhsilin əsasları elmindən hər kəsə məlum olduğu kimi, biliyin təcrübədə tətbiqinin təməli ibtidai siniflərdən qoyulur. Şagirdlər öyrəndiyi mövzuları sinifdə təcrübədən keçirərək tədricən tətbiqetməni mənimsəyirlər. Normal dərs şəraitinin qurulmadığı siniflərdə şagirdlərin bunu həyata keçirməsi mümkün deyil”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər