9 Fevral 2017 17:17
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi KİV-lərdə Ağ göl Milli Parkında qanunsuz halların müşahidə olunduğu məlumatları yer alıb. İddia edilir ki, parkda mühafizə işi zəif təşkil olunub, brakonyerlər isə burda meydan sulayır. Məlumatların həqiqətə uyğun olub-olmadığını araşdırmaq məqsədi ilə Ağ göl Milli Parkına yollandıq.

Parka gələn hər kəsi girişdə təbiətin gözəllik simvolu sayılan ceyran şəkli vurulmuş lövhə qarşılayır. Bu lövhə təsadüfi deyil. Onun üzərində belə yazılıb: “Ceyranlar tarixən məskunlaşdıqları bu əraziyə geri qaytarılıb!”.

Parkı gəzən hər kəs bəzi saytlarda yer almış xəbərlərin əsassızlığı fikrini ilk baxışda qəbul edə bilər. Ancaq hələ tələsməyək.

Yeganə park, 500 min quş

Kiçik bir çıxarış verək. Ağ gölün qorunmasında ilk addım 1964-cü ildə atılıb. Həmin il 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılıb.

1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər su ərazisinə ciddi qorunma statusu verilib və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılıb.

2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 №-li Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 min 924 hektara qədər artırılıb və ərazi Milli Park elan edilib.

Miqrasiya edən quş növlərinin qışlama yeri olan Ağ göl mühüm su-bataqlıq ərazisi kimi “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib.

Ağ göl Milli Parkının direktoru Loğman Mehdiyev ilə söhbətləşdik. Direktor deyir ki, Milli Parkın qorunması əsas vəzifə kimi qarşıda durur: “Parkda hər bir heyvan növünün dəqiq sayı var. Adları “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahı”sına və Azərbaycanın “Qırmızı Kitab”ına düşmüş 72 növ quşdan 32 növü Milli Park ərazisində qeydə alınıb. Burada 100-ə qədər bitki, 21 növ balıq, 30 növ məməli, 4 növ suda-quruda yaşayan, 18 növ sürünən və 300-dən çox quş növü var.

Bu göl quşların vətənidir desək, yanılmarıq. Hər mövsüm bu göldə 500 minə qədər quş qışlayır. 100 minə qədəri isə yumurta qoyub nəsil artırır”.

Loğman Mehdiyevin sözlərinə görə, Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var: “Hər il 500 minə qədər quş burada qışlayır. Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, digər heyvanların məskunlaşdığı ərazidir”.

Yayılan məlumatlarda Ağ göl Milli Parkının ərazisində süni göl yaradıldığı və orada yetişdirilən balığın satışa çıxarıldığı da bildirilib. Biz ərazini gəzən zaman belə bir süni gölə rast gəlmədik.

Həqiqətdən uzaq yazılardan narahatlıq keçirən Loğman Mehdiyev deyir ki, hər bir jurnalist gəlib parkda araşdırma apara bilər: “Böhtan istənilən adamı narahat edir. Mən böhtan xarakterli yazılar yazan şəxslərə dəfələrlə demişəm ki, gəlin parkın ərazisində araşdırma aparın. Bizim bir əsas məqsədimiz var – təbiəti qorumaq. Vəzifəmiz budur. Brakonyerlər isə park ərazisində ov edə bilmədiklərinə görə haqqımızda bu cür məlumatlar yayırlar.

Ağ göl Qarabağ bölgəsinin yeganə milli parkıdır. Bütün gücümüzü sərf edib parkı qoruyuruq. Belə böhtan yazan sayt barədə prokurorluğa müraciət etmişik”.

“Quşlar cənnəti”

Onu da qeyd edək ki, parkın ərazisində müxtəlif yerlərdə postlar quraşdırılıb. Mühafizəçilər 24 saat əraziyə nəzarət edirlər.

İDEA tərəfindən Ağ göl Milli Parkı haqqında sənədli film çəkilib. Filmə “Quşlar cənnəti - Ağ göl” adı verilib.

Milli Parkın ərazisi yalnız bataqlıq deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Elə parkının yaradılmasının əsas məqsədi də mühüm su-bataqlıq ərazilərini, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ekoturizmin inkişafını təmin etməkdir.

Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı, fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar məskunlaşıb.

Biri-birinə keşik çəkən ceyranlar

Ağ göl Milli Parkının ərazisini gəzən zaman ceyranlara da tamaşa eləmək şansımız oldu. Qış fəsli olduğu üçün yaşıllıq gözə dəymirdi, ətraf bozumtul rəngə bürünmüşdü. Belə şəraitdə ceyran görmək çətin məsələ olar deyə düşündük. Bu zaman bir dəstə ceyranla rastlaşdıq. Bu zərif heyvanlar bizi görəndə hürküb götürüldülər. Bizimsə məqsədimiz onları qorxutmaq yox, heyvanlar aləminin şahzadəsi – ceyranları seyr eləmək, uzaqbaşı şəklini çəkmək idi.

Parkda 60 başdan çox ceyran var. Bir neçə gün öncə Laçın rayonundan olan 1 şəxs 8 baş ceyranı parka hədiyyə edib. O, ceyranları Mərdəkanda, öz həyətində saxlayıb, böyüdüb və artırıb. Sonra qərar verib ki, ceyranları təbiətə buraxmaq daha yaxşı olar. Əziyyətlə böyüdüb saxladığı heyvanı təbiətə bağışlamaq da hər adamın işi deyil. Onun müraciəti əsasında Ceyran əvvəlcə Şirvan Milli Parkına, sonra isə Ağ göl Parkına gətirilib.

Parkın direktoru deyir ki, hazırda ceyranların tarixən məskunlaşdıqları əraziyə geri qaytarılması layihəsi həyata keçirilir: “2010-cu ildən başlayaraq 21 baş ceyran Ağ göl Milli Parkının ərazisinə buraxılıb. Onların artımı təmin olunub, sayları 51-ə çatdırılıb. Ceyranların artımı və məskunlaşması üçün parkda münbit şərait var. Bir vaxt ceyranların kökü kəsilmək üzrə idi. Hazırda isə onların sayında ciddi artım var. 5 ildən sonra burada 200-300 baş ceyran olacaq”.

Öyrəndik ki, ceyranlar təbiətdə əsasən sürü halında gəzirlər. Bu üsulla biri-birinə gözətçilik edirlər. Gündüz erkək ceyranlar istirahət edir, dişi ceyranlar onları qoruyur. Hava qaralan vaxt isə dişilər yatıb dincəlir, erkək ceyranlarsa mühafizədə dayanırlar...

Ağ göl qərbdən-şərqə 25 kilometr uzanır. Su səthinin eni 1 kilometrdən 5 kilometrə qədərdir. Dərinliyi 0,5-2,5 metr arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunub. Suyunun səviyyəsi yay mövsümündə azalır. Amma bura həmişə gözəldir, çünki ana təbiətin bir hissəsidir.

Əsassız yazılan yazılar

Ağ göl Milli Parkında vəhşi heyvanlar da var. Onların mövcudluğu ceyranların sağlamlığı üçün vacibdir. Direktorun sözlərinə görə, təbiət özü-özünü tənzimləyir: “Əgər hər hansı ceyran xəstədirsə, vəhşi heyvanlar onu parçalayıb yeyir. Nəticədə digər heyvanlara bu xəstəlik keçmir....

Milli Parkın direktoru ötən il park ərazisində görülən işlərdən də danışdı. Onun sözlərinə görə, parkda 2016-ci il dövründə 16500 manat cərimə tətbiq edilib, 545 manat məbləğində təbiətə ziyan vurulduğu hesablanıb: “Ödənişlər təmin edilib. Ötən il İraq və Suriyadan olan əcnəbi vətəndaşların qanunsuz ova təşəbbüs göstərməsi də vaxtında aşkarlanıb. Onların hər birinə 2000 manat cərimə tətbiq edilib və ödənilməsi təmin olunub”.

Gördüklərimizdən belə qənaət hasil oldu ki, Ağ göl Milli Parkının mühafizəsi yetərlidir, bu haqda yazılan, deyilən və təqdim olunan informasıyanın əsası yoxdur.

Görünən dağa nə bələdçi... Elə çölə və gölə də...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər