“28 May metrosundan “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində təşkil edilməsi nəzərdə tutulan 125 nömrəli müntəzəm sərnişindaşıma marşrutuna dair Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən təhlillər aparılır”.
Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat agentliyinin baş direktorun müşaviri Mübariz Abbasov deyib.
Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan normativ aktların və standartların tələbləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən görülən təkmilləşdirmə işlərində vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlər (şikayət, təklif) də nəzərə alınır. Xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi prioritet məqsəd olaraq qarşıya qoyulmuşdur. Sadalanan halları nəzərə alaraq, Agentlik tərəfindən “28 May” metrostansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ( Bakı-Salyan yol qovşağı) istiqamətində yeni marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib.
Yeni marşrut xətti “28 May” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gedib-gəlmə vaxtının və ödəniş məbləğlərinin azaldılması, metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi, “28 May” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi, “Nəqliyyat Mübadilə Mərkəzi” konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi, qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi, bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması səbəblərindən təşkil edilir.
İlhamə ƏBÜLFƏT