Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib və 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsində isə 5 fəsil, 27 maddə var.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq hazırlanıb. Belə ki, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Həmçinin layihədə hərbi vəziyyətin elan oluması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb.
Hərbi vəziyyətin elan edilməsinin əsas məqsədi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Nemət