19 Fevral 2017 09:35
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-da Gürcüstanın Qardabani rayonunda Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar anma mərasimi keçirilib.

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GGYMT) təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin, TİKA-nın, müxtəlif təşkilatların əməkdaşları, gürcü və Azərbaycan icmalarının üzvləri, eləcə də Azərbaycandan gəlmiş ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımından bəhs edən fotosərgiyə baxıblar.

GGYMT-nin sədri Musa Hacıyev tədbiri açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov tədbirdə çıxış edərək Xocalı soyqırımının səbəbləri, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktları, Xocalı soyqırımı və digər cinayətkar əməlləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Xocalı soyqırımına dünya miqyasında hüquqi, siyasi qiymətin verilməsi, cinayətkarların layiq olduğu cəzalarını alması istiqamətində ulu öndər Heydər Əliyevin başlatdığı məqsədyönlü siyasət Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu da bu istiqamətdə səmərəli fəaliyyət göstərir.

Sonra Qardabani Rayon İcra Hakimiyyəti başçısının müavini Dünyamalı Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev, Azərbaycanın Zəngilan rayonundan olan məcburi köçkün, “Türk İslam Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Telman Nüsrətoğlu və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, gürcüstanlı gənclər də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasına fəal qoşulublar, artıq gürcü ictimaiyyətini, xüsusən də gəncləri məlumatlandırırlar, müxtəlif aksiyalar keçirirlər.

Qeyd olunub ki, ermənilərin Xocalıda törətdikləri faciə dünyada misli görünməmiş, insanlığa yaraşmayan vəhşilikdir. Dünya ictimaiyyəti bu faciəyə biganə qalmamalı, bu faciəni törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Çıxışlarda Prezident İlham Əliyevin gərgin əməyi, xarici ölkələrdə yaşayan azərbaycanlıların dəstəyi nəticəsində Xocalı faciəsini törədənlərin yaxın vaxtlarda layiqli cəzalarını alacaqlarına inam vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər