Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ölən 4 nəfərin adları dəqiqləşib.
Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.
Ev sahibinin 2016-ci ildə anadan olmuş digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə ağır vəziyyətdə uçqun altından çıxarılıb. Onun yaşamaq şansının olduğu bildirilir.
Qeyd edək ki, polis, təcili yardım əməkdaşları və xilasedicilər qalın qar örtüyü səbəbindən hələ də hadisə yerinə çata bilməyib. Kənd sakinlərinin köməkliyi ilə meyitlər dağıntılar altından çıxarılıb.
***
13:15
Lerik rayonunun Orand kəndində qar uçqunu baş verib.
Kənd icra nümayəndəsi Şahbaz Rəhimov Teleqraf.com-a açıqlamasında bildirib ki, qar yığını evin yalnız bir otağının üstünə düşüb:
“Həmin zaman 5 nəfər ailə üzvü otaqda olub. Ev sahibi Əhliman Mustafayevin həyat yoldaşı, gəlini və iki azyaşlı nəvəsi ölüb. 2016-cı il təvəllüdlü Elcan Mustafayev isə sağ qalıb”.
İlhamə ƏBÜLFƏT