1 Mart 2017 11:25
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Turizm Şurasının ikinci iclası zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib: “Bir sıra ölkələrin, o cümlədən, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, elektron viza sisteminin tətbiqi və bu ilin yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”.

Nazir qeyd edib ki, turizm özlüyündə bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır: “Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olmaqdır. Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın fəaliyyətini təmin edəcək katiblik də yaradılıb”.

Nazir ölkəmizə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral tarixində imzaladığı Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirib. Bu Sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan sərhəd, gömrük və digər sahələrdə çalışan yerli vətəndaşlara dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı üzrə təlimlərin keçirilməsi istiqamətində görüləcək işləri qeyd edib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər