"İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik. Bu illər mənim üçün çox dəyərlidir. Bunun əsas səbəbi də ondan ibarətdir ki, mən hər gəlişimdə, Xəzər rayonunun sakinləri ilə hər dəfə ünsiyyətdə olanda sizin dəstəyinizi, hörmətinizi, inamınızı hiss edirəm".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanışlıqdan sonra yerli sakinlərlə görüşdə bildirib.
Mehriban Əliyeva vurğulayıb ki, yeni vəzifəyə təyin edildiyi Milli Məclisində öz fəaliyyətimi dayandırmalıdır: "Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm.
Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq islahatlar prosesinin tərkib hissəsidir.
Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim. Yenə də qeyd etmək istəyirəm ki, sizin diqqətiniz, inamınız mənim üçün əsas güc mənbəyi olub. Əminəm ki, biz birgə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Bilirəm ki, Xəzər Rayonunun İnkişaf Fondu fəaliyyətini davam etdirir. Mən sizi narahat edən məsələləri daim diqqətimdə saxlayıram. Çalışıram ki, sizi narahat edən problemlər aradan qalxsın".
Qeyd edək ki, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub. Xüsusi internat məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyətdədir. Hazırda məktəbdə 176 şagird təhsil alır və onlardan 88 nəfəri müəssisədə yaşayır. Şagirdlər 15 sinif üzrə qruplaşdırılıb. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 101 nəfərdən ibarət işçi heyət məşğul olur. İnternat məktəbinin maddi-texniki bazası nəzərə alınaraq 2008-2009-cu tədris ilindən əmək dərslərində "Xalçaçılıq texnologiyası" fənni tədris edilir. İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. İnternat məktəbinin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir.