6 Aprel 2017 15:10
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlardan narahatlığını bildirib. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır.

Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiklərini diqqətə çatdıran təşkilat üzvləri bildiriblər ki, ÜAK on ildən artıqdır iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdır ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətinin vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir”, deyə Belarus azərbaycanlıları qeyd ediblər.

Bəyanatın sonunda deyilir: “Belarusda yaşayan azərbaycanlıların digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətləri var və birlikdə çoxlu tədbirlər keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz. Azərbaycan İcmaları Konqresi ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər