Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.
DİM-dən Teleqraf.com-a bildiriblər ki İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı artıq başa çatıb. Şuraya üzv olmaq üçün 30-dan çox təhsil eksperti, müəllim, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri qeydiyyatdan keçiblər.
Aprelin 20-də DİM-də bu qurumun Direktorlar Şurası sədrinin İctimai Şuraya üzv olmaq istəyən şəxslərlə görüşü keçiriləcək. Görüşdə iştirakçılara Şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqqında məlumat veriləcək. Sonda isə Şuraya üzv olmaq istəyən namizədlərin siyahısı təsdiqlənmək üçün DİM-in Direktorlar Şurasına təqdim olunacaq. Şura üzvləri Direktorlar Şurası tərəfindən formalaşdırılacaq.