Aprelin 15-də Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrindəki vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu 2017-ci il fevralın 27-dən martın 12-dək elektron ərizə formasında aparılıb.
Müsabiqədə iştirakla bağlı 1444 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1324 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb.
Müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdə keçirilib.
Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılırlar.
Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanacaq.