Teleqraf.com-un məlumatına görə, deputat ölkə.az-a müsahibəsində Azərbaycanda qadın hüquqlarının mediada təbliğ olunduğu kimi pozulmadığını iddia edib.
Onun fikrincə, qadın öz yerini bilməlidir: “Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də! Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur? Biz deyirik ki, ay valideynlər, 12-13 yaşlı qızı ərə verməyin. Ancaq qız özü qoşulub, yalvara-yalvara gedir. Sonra da adını “qadın zorakılığı” və ya “qadın hüquqlarının pozulması” qoyuruq. Əslində, burada valideyn özü məsuliyyət daşıyır. Digər tərəfdən isə əgər qadın səhv hərəkət edirsə və kişinin ona söz demək cəsarəti yoxdursa, o zaman biz azərbaycanlı deyilik. Belə olan təqdirdə böyük-kiçik yeri də bilinməyəcək".
Deputat bildirib ki, əgər bir ailədə kişi söz sahibi ola bilmirsə, orada böyüyün sözü eşidilməyəcək: "Şəxsən mənim bütün qadınlara böyük hörmətim var. Onların yaxşıları mənim bacımdır. Problemləri olanlar da yenə Azərbaycan qadınıdır. Çalışmalıyıq ki, yaxşıları təbliğ edək və pislər bundan nə isə dərs götürsün. Daha pisləri təbliğ etməməliyik. Biz bir kişi olaraq da anamızı, xanımımızı və bacımızı özümüzdən bir pillə də yüksək tutmalıyıq. Kişi qadının yanında özünü sözü, nəvazişi, ağılı və xanıma münasibəti ilə göstərməlidir. Belə olanda qadın da o kişini qiymətləndirəcək. Yoxsa ki, axmaq kişi keflənib evə gəlsin, qadını döysün və sonra da desin ki, mən səndən yuxarıdayam, bu da doğru deyil. Mən bunun tərəfdarı deyiləm. Ancaq onun da tərəfdarı deyiləm ki, qadın imkansız olduğunu kişinin başına qaxınc etsin, evdə söz-söhbət yaratsın, ərinə desin ki, başqaları necə pul qazanırsa, get səndə elə qazan və s. Yaxud da qadının öz həyat yoldaşına “sən kimsən? Mən səndən üstünəm!” deməyi də səhvdir. Amma bizdə bunu təbliğ edib qiymətləndirənlər çoxdur”.
Deputatın sözlərinə görə, ailədə ilkin bünövrə məktəbdən başlayır, həmçinin vacib olan isə münasibətlərin əvvəlcədən öyrənilməsidir: “Moskvadan zəng edib deyir ki, oradan mənə bir qız tapın, gəlib alacam. Valideynlər də oğluna deyir ki, burada da küçə ilə qəşəng qız gedir, gəl, al. Oğlan da gəlib alır, sonra deyir ki, xasiyyətimiz tutmadı. Ona görə də ailə qurmamışdan öncə tərəflər bir-birinin xasiyyətini öyrənməlidir. Keçmişdə bizim ailələr nəyə görə möhkəm olurdu? Çünki o dövrdə evlənənlərin əksəriyyəti bir-birini tanıdıqları üçün eyni kənddən ailə qurublar. Həm də onların sosial, maddi vəziyyətləri, dünya görüşləri demək olar ki, eyni olub. Misal üçün, Sovet İttifaqı dövründə pambıqçı qız traktorçu oğlanla, fermada sağıcı işləyən qız da orada çalışan bir oğlanla evlənirdi. Ona görə də onlar zəhməti bilirdilər. Bir ailədə kişi ilə arvad evdə mübahisə edibsə, onu xəbər edib verirlər. Əgər ata oğluna bir şillə vurursa, media bunu da xəbər kimi yayır. Bütün bunlar bizim həyatımızdır, bu olmalıdır”.