19 Aprel 2017 20:58
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1100 ədəd piyada keçidi məntəqəsindən 398 ədədi standartlara uyğun yerləşdirilməyib”

İndi Bakıda təkcə piyada keçidləri yox, ümumiyyətlə, yol hərəkətini tənzimləyən texniki vasitələr svetaforun, yol nişanlarınin, hərəkət xətlərinin tətbiqində, istifadəsində standarta uyğun olmayan çoxlu problemlər var.

Bu sözləri Teleqraf.com-a piyada keçidləri ilə bağlı standartlara kimin cavabdeh olması və məsələnin hüquqi tərəflərindən danışarkən “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov bildirib.

“Probemlərin çoxluğuna görə də bu rəqəmlərdə təəccüblü bir şey yoxdur. Bəlkə həmin rəqəmlər hələ daha çoxdur. Bu məsələlərə görə ölkədə konkret vahid bir qurumun məsuliyyəti yoxdur. Yol hərəkəti təhlükəsizliyi komissiyası, onun da bir neçə üzvü var. Onlardan biri də Bakı Nəqliyyat Agentliyidir ki, həlledici rol o qurumdadır. Amma BNA ilə yanaşı Azəravtoyol ASC, Bakı şəhər Yol Polisi, Bakı şəhər İcra Hakimiyyəti də öz fəaliyyət dairələrindəki pozuntulara görə məsuliyyət daşıyır. Vaxtaşırı nəzarət olunmalı, hər şeyə baxılmalıdır. Əgər problemlər varsa, aradan qaldırılmalıdır. Yeni piyada zolağına və ya keçidinə ehtiyac varsa, yenisi yaradılmalıdır. Yox, əgər yaradılanlarda hansısa problem varsa, köhnəlibsə, ehtiyac yoxdursa, yığışdırılmalıdır. Yəni həmin qurumlar birgə məsuliyyət daşıyırlar. Məsələn, “Azəravtoyol” boyaları çəkir, polis nişan qoyur. Hər biri öz istiqamətini diqqətdə saxlamalıdır”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli piyada keçidlərinin vəziyyətindən danışarkən: “Ümumilikdə 1100 ədəd piyada keçidi məntəqəsindən 398 ədədi standartlara uyğun yerləşdirilməyib. Keçidlər ya avtobus dayanacaqlarının içərisinə doğru, ya avtobus dayanacağından sonra, ya döngədə salınır və s. Bakının bütün küçələri analiz olunub. Sadəcə, ilin ikinci yarısından etibarən müvafiq işlərin tətbiqinə başlayacağıq”, - deyə bildirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər