DGK-dan Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edib, Komitə sədri Aydın Əliyevin təbrik məktubunu oxuyub.
Güloğlan Muradlı 1941-1945-ci illər müharibəsində qələbənin tarixi əhəmiyyətindən danışıb, bu müharibədə Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlığın unudulmayacağını və hər zaman gənc nəslə vətənpərvərlik nümunəsi olacağını vurğulayıb.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən veteranlar qanlı-qadalı illərin yaddaşlarında yaşayan anlarını xatırlayıb, faşizm üzərində qələbəyə Azərbaycan xalqının böyük töhfə verdiyini qeyd ediblər. Onlar həmçinin Milli Ordumuzun aprel döyüşlərində erməni işğalçıları üzərində şanlı hərbi qələbəsindən qürur duyduqlarını və Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan bütün ərazilərimizin azad olunacağına inandıqlarını bildiriblər.
Tədbirin sonunda veteranlara gül-çiçək dəstələri və hədiyyələr təqdim olunub.
İlhamə ƏBÜLFƏT