8 May 2017 10:34
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika ərazisindəki bütün dövlət tibb müəssisəsələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Bunu Teleqraf.com-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının qanunu var:

“Həmin qanunun tələbinə əsasən, müəyyən meyarlara uyğun gələn müəssisələr publik hüquqi şəxs formasında yaradılmalıdır. Yaxud mövcud olanlar publik hüquqi şəxs kimi fəaliyyət göstərməlidirlər.

Həmin qanunla səhiyyə müəssisələri publik hüquqi şəxs sayılırlar. Bu statusa görə, onlar dövlət büdcəsindən maliyyələşməklə yanaşı, özləri əlavə pullu xidmətlər göstərəcəklər. Bu proses tədriclə həyata keçiriləcək”.

Nazirlik rəsmisi qeyd edib ki, ilkin mərhələdə publik hüquqi şəxs kimi ölkədəki 70-dək tibb müəssisəsinin sənədləri hazırlanır: “Hazırda rayonların mərkəzi xəstəxanaları, diaqnostika mərkəzləri siyahıya daxil edilib. Gələcəkdə bütün müəssisələr sıyahıya daxil ediləcək və publik hüquqi şəxsə çevriləcək”.

Elxan Əzizov qeyd edib ki, belə müəssisələrin göstərdiyi xidmətin əvəzində ona haqq ödənməlidir:

“Bəzi tibbi müəssisələrində icbari tibbi sığorta pilot layihə kimi həyata keçrilir və mahiyyəti ondan ibarətdir ki, tibbi xidmətin pulunu vətəndaş yox, sığorta təşkilatı ödəyir”.

Professor, tibb üzrə ekspert Adil Qeybulla deyir ki, xarici ölkələrdə dövlət xəstəxanalarının pullu olması sistemi yoxdur: “Onlar icbari tibbi sığorta ilə fəaliyyət göstərirlər. Bizim ölkədə isə bu sığortaya pilot layihə kimi iki rayonda başlanılıb. Hələlik vətəndaşlarımızın sığortası yoxdur. Xəstəxanalarda problemlərin yaşanması da bu səbəblərdən qaynaqlanır”.

Adil Qeybulla qeyd edib ki, dövlət icbari tibbi sığortanın tətbiqinə tam imkan yaratmalıdır:

“Onsuz da dövlət xəstəxanalarında qeyri-rəsmi müəyyən ödənişlər olunurdu. 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərmək hüququnun verilməsi qeyri-rəsmi ödənişlərin qarşısını almaqdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər