10 May 2017 11:19
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir. Burada yaşanan izdiham xalqın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürüdür.

Fəxri Xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.

Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.

Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri var.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildirirlər.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər