18 May 2017 15:51
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan universitetlərində təhsil haqları reallığı əks etdirmir.

Bunu Teleqraf.com-a təhsil eksperti Kamran Əsədov özəl universitetlərin təhsil haqlarını azaltması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, universitetlərdə təhsil haqları hazırlanan kadrların keyfiyyətinə, dünya təcrübəsinə uyğun deyil:

“Dövlət universitetləri təhsil haqlarını müəyyən edərkən, daha çox xərc metoduna əsaslanırlar. Bu, bütün dünyada ən sadə metod kimi tanınır. Xərc metodu mənfəətin planlaşdırılmış normasına qədər artırılmış təhsil xidmətinin maya dəyərinin hesablanmasına əsaslanır. Beləliklə, təhsil haqqı real verilənlərə görə hesablanır. Qiymətlərin müəyyən edilməsi üçün zəruri olan bütün informasiyanı ali təhsil müəssisəsinin daxilində mühasibat hesabatları əsasında əldə etmək mümkün hala gəlir. Qiymətin müəyyən edilməsi zamanı təklif edilən təhsil xidmətinə tələbatın mövcud səviyyəsi tamamilə nəzərə alınmır. Buna görə də ali təhsil müəssisələri sərt qiymət siyasəti apara bilmirlər. Azərbaycanda xüsusilə dövlət universitetləri xərc metoduna üstünlük verir. Bu universitetlər qiymətləri müəyyənləşdirən zaman əsasən, maya dəyərini nəzərə alır. Həmin maya dəyərində universitet üzrə kommunal xərclər, cari təmir, mal və materialların alınması, yəni smeta xərcləri əsas götürülür. Bu baxımdan hansı ixtisas və ya fakültə üzrə bu xərclər böyükdürsə, onlarda təhsil haqları digərlərinə nisbətən daha yüksək olur”.

Ekspert bildirib ki, özəl universitetlərdə təhsil haqlarının dövlət universitetlərindən yüksək olmasının səbəbi onların xərclərini öz hesablarına ödəməsidir:

“Buna görə də özəl universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən, dövlət universitetlərinə nisbətən daha geniş araşdırma aparılır. Özəl universitetlərin yeganə gəlir mənbəyi təlbələrin ödədikləri təhsil haqlarıdır. 2016-2017-ci tədris ilində 8 minə yaxın plan yeri boş qaldı. Hətta bəzi universitetlərdə 90 faiz boş yerlər qaldı. Keçən il özəl universitetlər atrıq ikinci turda müəyyən güzəştli kampaniyalarla tələbələri cəlb etməyə çalışsalar da, buna nail olmadılar. Əvvəlki illərdən nəticə çıxaran özəl universitetlər bu ildən etibarən təhsil haqlarını azaltmağa başladılar və müsbət haldır ki, bu, ixtisas seçimindən əvvəl baş verib”.

Kamran Əsədov qeyd edib ki, tələblər özəl universitetin yüksək ixtisasında oxumaqdansa, dövlətin lap aşağı ixtisasında oxumağı məqbul sayır:

“Amma bu cür yanaşma dəyişir. Əvvəlki illərdə ixtisas seçimi zamanı bu universitetləri sıralamada ilk yerə qeyd edənlərin sayı 1.9 faiz idisə, indi bu rəqəm 30 faizə qədər artıb. Dövlət universitetləri yuxudan ayılamlıdır”.

Qeyd edək ki, bəzi özəl ali məktəblər təhsil haqlarını aşağı salıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər