25 May 2017 13:01
3 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda hər gün onun səsini, xəbərdarlığını eşidirik: “Ehtiyatlı olun, qapılar bağlanır! Növbəti stansiya...”

Teleqraf.com həmin səsin sahibi, əməkdar artist İradə Ağayeva ilə müsahibəni təqdim edir:

- İradə xanım, metroda hər gün səsini eşitdiyimiz xanımın kimliyi hər birimizə maraqlıdır. Bakı Metropoliteni bunu açıqlamasaydı, yəqin hələ də sirr olaraq qalacaqdı...

- İstəyirəm ki, hamı o səsin mənə məxsus olduğunu bilsin. Dörd yaşlı nəvəm bu yaxınlarda metroya minib, səsimi eşidib, tanıyıb, indi hər dəfə deyir: “Nənə tələsdirdi, qapılar bağlanır”. O vaxtdan metronu sevir.

- O səs nə vaxt yazılıb?

- Təxminən on ilə yaxındır. Metro açılandan bir müddət sonra stansiyaların elanının oxunuşu üçün diktor axtarıldı. İlk oxunuşlar şair Atif Zeynallının qızı Esmira Zeynallının səsi ilə yazılmışdı. O xaricə gedincə, bizdə də yeni stansiyalar açılınca, oxunuş üçün mənə müraciət olundu.

Mən 2003-cü ildən 2013-cü ilə qədər loterayaların kadrarxası aparıcısı olmuşam. Metropoliten əlaqə nömrələrimi “Azərlotereya”dan tapmışdı. Təklif etdilər, mən də məmnuniyyətlə razılaşdım. Amma əvvəllər vağzal, aeroport üçün yazılan elanlardan həmişə uzaq qaçırdım.

- Niyə?

- “Vağzalı diktoru” kəlməsi o zamanlar çox məşhur idi. Bunu əskiklik kimi qəbul edirdik. Məni lotereyaya dəvət edəndə də özümü naqolay hiss edirdim. Amma metrodan təklif gələndə razılaşdım. Metrodan özüm də istifadə edirəm.

İnsanlar səhər işə tələsir, axşam evə yorğun qayıdır. Düşünürdüm ki, onları səsimlə salamlamaq yaxşı olardı. Təvazökarlıqdan uzaq olsa da səsim çoxlarına xoş gəlir. Metroya minəndə fikir vermişəm, insanlar ikinci səsə lağ edirlər, mənim elanlarıma isə xoş əhvalla qulaq asırlar.

- İradə xanım, uzun illərə söykənən diktorluq fəaliyyətiniz var. İstəyirəm bir az əvvələ qayıdaq, diktor olacağınıza qərar verdiyiniz zamanları xatırlayaraq...

- İncəsənətə uşaqlıqdan marağım olub. Teatr dərnəyinə getmişəm, Belinski adına kitabxananın daimi oxucusu olmuşam, yazıçıların, şairlərin yaradıcılıq gecələri keçiriləndə məni ora şeir deməyə dəvət edirdilər.

Amma ailəm sənədlərimi İncəsənət İnstitutuna verməyimi istəmirdilər. Bu, təsadüf nəticəsində baş tutdu. O vaxtlar həmin universitetə qəbul o biri universitetlərdən öncə olurdu. Mən də imtahanın necə olduğunu müəyyən etmək adına imtahan verdim və keçdim. Mədəni-maarif fakültəsində təhsil aldım.
Təsadüf nəticəsində də Azərbaycan Dövlət Televiziya və Radiosuna gəldim.

Bacımın yoldaşı Hətəm Əmiraslanov dövlət televiziyasında səs rejissoru işləyirdi. Dördüncü kursda oxuyurdum, bir bacım qızının inşa yazısına kömək edirdim, bir qız üzünü atasına tərəf tutub: “Ata, İradə xaladan nə qəşəng diktor olar” dedi. Hətəm də mənə baxıb, “İradə, bizdə müsabiqədi, bəlkə özünü sınayasan” dedi.

Elə də elədim, böyük bir müsabiqə idi, birinci, ikinci tur yuxu kimi yadımda qalıb. Sona hazırda radionun diktoru olan Sevil Hüseynli, Xalidə Gözəl, mən və bir-iki nəfər də qalmışdı. Münsiflər heyətinin qarşısında bizə təqdim olunan mətnləri Azərbaycan və rus dillərində mükəmməl oxumaq lazım idi.

Sədrimiz Qurban Yusifzadə lent yazılarına baxıb deyib ki, ikinci qızı televiziyaya götürün. İkinci qız da mən idim, Sevili radioya təyin etdilər, Xalidə Gözəli isə götürmədilər.

1976-cı il martın 15-i əmrim verildi, televiziyada işə başladım. Yadımdadı, həmin gün “Qırmızı qərənfillər” konsertini elan etmişdim. Ondan sonra materiallar və əsasən də xəbərlərdə diktor kimi fəaliyyət göstərdim. Həmin ilin dekabr ayında AzTV-nin o zamankı məsul şəxsi Elşad Quliyev məni çağırdı ki, deyirlər, gözlərin efirdə çəp düşür, gəl səni keçirək radioya. Nə etiraz etdim, nə bir söz dedim.

- Bəs kim, yaxud kimlər sizin haqqınızda mənfi rəy formalaşdırırdı? Kimdən şübhələnirdiniz?

- Heç vaxt bunu düşünmədim. Yeznəm sonra dedi ki, düşmənçilik edib işığı səhv quraşdırıblar, ona görə ekranda yaxşı düşməmişəm. Halbuki mənim heç vaxt kiminləsə konfliktim olmayıb. 41 illik fəaliyyətimdə töhmət belə almamışam.

Radioda işə başladım. 1979-cu ildə televiziyada müsabiqə keçirildi, baş diktor Rafiq Hüseynovun dəvəti ilə ən sonda mən çəkildim. Bir gün yenə Elşad Quliyev məni çağırıb dedi ki, Qurban Yusifzadə kadrlarına baxıb və deyib ki, qızı qaytarın yerinə. Onda da mən razılaşmadım. Çünki həmin vaxt radioda diktoru olduğum çox verilişlərim vardı. Tam potensialımı sərf edib, həvəslə verilişlər hazırlayırdım.

Təsəvvür edin ki, təcrübəçi diktor sayılırdım, stavkam da 4 manat yarım idi. Qonorarım 180 manatı keçirdi. O vaxt üçün bu, böyük göstərici idi. Diktor Aydın Qaradağlı ilə bir növbədə işləyirdim. Gənc diktorlar ondan qorxurdular, mənsə özüm xahiş etmişdim ki, onunla eyni növbədə çalışım. Heyf, tez rəhmətə getdi. Həmişə, hər yerdə deyirəm ki, bu sənətdə nə qazanmışamsa Aydın müəllimə borcluyam. Onun tələbəsi olduğuma görə fəxr edirəm.

- Amma bir həqiqət var ki, radiodan fərqli olaraq televiziya diktoru, aparıcını qısa zamanda məşhur edir, tanıdır.

- Düz deyirsiniz, radio işçilərini tanımırlar. Mən ancaq metrodakı səs yazımla tanındım. Halbuki 41 il müxtəlif radio verilişlərində diktor, tamaşalarında rollar ifa etmişəm. İndi onların 90 faizi Qızıl fondda qorunur.

- Heç müəllif proqramınız olubmu?

- Müəllif proqramı mənim həmişə yaralı yerim olub. Diktorlar onlara təqdim olunan mətndən kənar danışmalı deyillər. Hətta canlı yayımlarda belə çərçivələr daxilində hərəkət edirlər. Çünki buna öyrəşmişik.
Amma həmişə ürəyimdəkini açıb deməyə ehtiyac hiss etmişəm. Müəllif proqramım olsa böyük məmnuniyyətlə işləyərəm.

- Hansı verilişin diktoru olmağı arzu etmisiniz?

- Radionun məşhur “Bulaq” verilişini. Daha bir yaralı yerimə toxundunuz. O verilişi çox sevirəm. Məhluqə Sadıqova rəhmətə gedəndə radionun rəhbəri Mövlud Süleymanlının yanına gedib, “Bulaq”ı oxumaq istədiyimivə “mümkünsə məni yoxlayın” dedim. Dedi yaxşı, amma sonra Səidə Quliyevaya verildi.

Bir gülməli hadisə danışım: Bir gün işdən çıxıb, “Azərlotereya”ya gedirdim, birdən “Bulaq” verilişini hazırlayan Tahir Talıblı ilə qarşılaşdım. Hal-əhval tutdu, lotereya oxumağa getdiyimi biləndə soruşdu ki, mən nə vaxt loterayerada udacam, dedim mən “Bulaq” oxuyanda... (Gülür). “Bulaq” ən böyük arzumdur...

- Yeri gəlmişkən, heç lotereyada udmusuzmu?

- Lotereyanı yoldaşım alırdı. 20 manat həcmində məbləğlər udmuşuq. Həmişə məndən lotereyanın həqiqət olub-olmadığını soruşurlar. İnanın, həqiqətdir. Bacım qızı çox ağır vəziyyətdə idi, evinin damı uçmuşdu, Bakıya gəlib, bankdan kredit götürmək istəyirdi. Ordan çox peşman qayıtdı. Səhəri günü radioda işdəyəm, yoldaşım zəng edib dedi ki, filan nömrəni dəqiqləşdir, gör nə udub.

“Azərlotereya”ya zəng elədim, dedilər, maşın udub. Həmin lotereya da bacım qızına məxsus idi, ona deyiblər ki, maşın udmusan, inanmayıb. O vaxtlar uduşa düşən maşını ancaq maşın şəklində ala bilərdin.

“Azərlotereya”nın sədri Maqsud müəllimlə görüşüb, vəziyyəti ona başa saldım. Çox sağ olsun, başa düşdü və bizə maşının pulunu verdilər. Amma hamı elə bilirdi ki, bacım qızı mənim vasitəmlə udub. Daha demirlər ki, keçəl dərman bilsə, öz başına çəkər...

- Gənc aparıcılardan şikayətiniz varmı?

- İndi cavanlar mütaliə etmirlər, 80 faizi rus dilini bilmir. Ən azından müəyyən qədər bilmək lazımdır ki, sözlərə vurğuları düz qoya bilək. Bizim əsas məqsədimiz dilimizin gözəlliyini qorumaqdı.

- Kimləri bəyənib, kimləri qəbul etmirsiniz?

- Bizim radioda Məmmədbağır Eyvazov adlı gənc var. Çox intellektli aparıcıdır. İTV-də çalışan Nigar Sabirqızını çox bəyənirəm. Nigar bizdə operator işləyirdi. O vaxtlar mətni oxuyurdu, səsini yazıb qulaq asırdı və bizdən məsləhət alırdı. Onun o vaxtki işgüzarlığı onu çox irəli apardı. Bizdə ən aşağı səviyyəli diktor hesab olunan adam özəl radiolarda çox yüksək yer tutur.

Mən çox istərdim ki, indiki aparıcılar dilin gözəlliyinə fikir versinlər. Bu dil bizim dilimizdir. Onu necə korlamaq, ona necə biganə yanaşmaq olar.

Aparıcı Elgiz ANS-də bir veriliş aparırdı, həmişə "virtuoz" sözünü səhv tələffüz edirdi. Bir gün bu iradımı sosial şəbəkə vasitəsilə özünə yazdım.

- İradı qəbul etdi?

- Heç bir cavab gəlmədi. Bəlkə də məni söyüb. Belə misallar həddindən artıq çoxdur.

- Sizə ən böyük irad nə olub?

- Mənə əvvəllər pafoslu oxuduğuma görə irad tuturdular. Mehriban Ələkbərzadə “Ordubadda Novruz şənliyi” filminə mətn yazmışdı, oxumağı da mənə tapşırdı. Mətni oxumağa başlayanda, saxladı, məndən mətni özünün vaxtilə Nostradamusla bağlı verilişindəki oxuduğu səs tonu ilə oxumağımı istədi. Axı, mən xalqımızın əzəli, özəl bayramı olan Novruzun mətnini necə Nostrdamus tonu ilə oxuya bilərəm? Sonra o mətni Bəxtiyar oxudu. Elə necə lazımdısa elə də oxudu.

Pafosla bağlı irad bildirənlər çox olub. Amma inanın mənə elə verilişlər gəlirdi ki, orda mütləq pafos lazım idi.

- Ailənizdə kimsə sizin sənəti davam etdirirmi?

-Təəssüflər olsun ki, yox. Qızımın çox gözəl səsi vardı, amma heyif ki, həvəsi olmadı.


Müəllif: Nərmin Muradova, Nurlan Gülməmmədov

Oxşar xəbərlər