3 İyul 2017 16:47
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də Qusar şəhərində “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı işə başlayıb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti, professor Deyvid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri, doktor Enrike Kanon və Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze iştirak edib.

Aydın Əliyev bildirib ki, yaşadığımız qloballaşma dövründə müstəqilliyin və təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdir: “Bu gün Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır”.

Komitə sədri onu da bildirib ki, Azərbaycan Gömrük Xidməti gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirilmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verir və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini əsirgəməyəcək.

Konfransın iqtisadiyyat və gömrük işini öyrənən tələbələr üçün nəzərdə tutulduğunu söyləyən Aydın Əliyev qeyd edib ki, məqsəd gömrük və elm arasında vəhdət yaratmaq, gənclərin bilik və təcrübəsini artırmaqdır.

Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike Kanon konfransın gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar kimi çox önəmli mövzuya həsr olunduğunu və bundan məmnunluq duyduğunu bildirib.

İqtisadiyyat və ticarətlə bağlı məsələlərə toxunan natiq qloballaşma nəticəsində dünyanın müxtəlif ölkələrində yüz milyonlarla insanın rifah halının yüksəldiyini, gələcəkdə ticarət dövriyyəsinin artması ilə birlikdə bu prosesin davam edəcəyini və bu sahədə gömrük işinin və gömrük orqanlarının da xüsusi rol oynayacağını vurğulayıb.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson Azərbaycan Gömrük Xidmətinin təşəbbüskarlığı ilə keçirilən və artıq silsilə xarakteri alan Beynəlxalq Tələbə Konfransının gömrük işinin və gömrükçü peşəsinin səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını söyləyib. INCU-nun rəhbəri bu sahədə Azərbaycan gömrüyünün apardığı siyasətin təqdirəlayiq olduğunu bildirib.

Gömrük işinin elmi əsaslara söykənən tədqiqatlar və araşdırmalarla qurulması yönündə görülən tədbirlərə toxunan D.Uiddouson konfransın bu günün tələbələri - gələcəyin gömrük mütəxəssisləri arasında sıx əlaqələrin qurulması, əməkdaşlığın və təcrübə mübadiləsinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze çıxış edərək konfransa dəvət aldığına görə təşəkkürünü bildirib, tədbirin təşkilatçısı və iştirakçılarına uğurlar diləyib. Gürcüstan Gömrük Xidmətinin rəhbəri beynəlxalq ticarətin vəziyyətindən danışıb və müasir iqtisadiyyatın çağırışlarına tam cavab vermək üçün gömrük orqanlarında aparılacaq islahatlar və görüləcək işlərdən bəhs edib.

Açılış mərasimindən sonra konfransın fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskottun “ABŞ iqtisadiyyatının mövcud vəziyyəti” mövzusunda məruzəsi dinlənilib.

Böyük maraq doğuran bu çıxışdan sonra məruzəçi tələbələrin mövzu ətrafında suallarını cavablandırıb.

Daha sonra konfrans Varşava İqtisadiyyat Məktəbinin professoru Vaslav Çijoviçin moderatorluğu ilə ilk sessiya üzrə işə başlayıb. “Ticarətin asanlaşdırılmasında gömrük idarəçiliyinin rolu” adı ilə keçirilən sessiyada 9 məruzə dinləniləcək.

Xatırladaq ki, konfransa 30 ölkədən - Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Kamboca, Çin, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İran, İtaliya, Qazaxıstan, Laos, Litva, Makedoniya, Moldova, Filippin, Polşa, Rusiya Federasiyası, Seneqal, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Amerika Birləşmiş Ştatları, Özbəkistan və Vyetnamın universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılıb. Həmçinin konfransda 4 beynəlxalq təşkilatın (Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi, BP və Easy Frontier) nümayəndələri iştirak edir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər