5 İyul 2017 17:14
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Piyada keçidlərinin çəkilməsində iki meyar var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, piyada keçidləri müvafiq ərazidə, gediş-gəlişin çox olduğu yerdə, yaşayış məntəqələrinin ətrafında salınır: “İkinci meyar isə yol hərəkətinin təşkilinin elementidir. Çünki insanların, avtomobillərin təhlükəsizliyinə görə nişan, nişanlama xətti qanunvericiliklə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına həvalə olunub. İnzibati ərazi vahidlərində – rayon və şəhərlərdə komissiyalar təşkil olunmalıdır.

Həmin məsələlər komissiyada müzakirə olunmalıdır. Əgər hər şey şəhərsalma və yol hərəkəti qaydalarına uyğundursa, komissiya piyada keçidinin salınması ilə bağlı qərar qəbul edə bilər.

Komissiyanın qərarını kimin icra edəcəyi əsas deyil. Onu Dövlət Yol Polisi də icra edə bilər. “Azəravtoyol”un da elə texniki imkanları var. Hətta bu işi özəl şirkətə, quruma tapşırmaq da mümkündür. Əsas odur, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olsun. Həmin qərarsız heç bir yerdə yol, piyada keçidi qurula bilməz.

Komissiyada ictimai nəqliyyat qurumu, Dövlət Yol Polis İdarəsi, FHN, “Azəravtoyol”, Təhsil və Səhiyyə nazirlikləri, yerli icra hakimiyyəti orqanlarının məsul şəxslərinin birgə müzakirəsi ilə qərar qəbul edilməlidir.

Qanunsuz piyada zolağı, yaxud keçid quraşdırmağa gəlincə, onu hamı edə bilər. Hətta icazəsi olan qurum da komissiyanın qərarı olmadan piyada keçidi qurursa, bu, qanunsuz sayılır”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, piyada keçidlərinin salınması üçün DYP-nin təqdimatı əsasında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında qərar qəbul edilir: “DYP komissiyaya təqdimat verir ki, bu yerə işıqfor qoyulsun, xətt çəkilsin və ya piyada zolağı salınsın. Müzakirə gedib, qərar qəbul ediləndən sonra göstəriş icra olunur. Buna görə də qanunsuz piyada keçidləri ola bilməz... Çünki bütün ərazilər yol polisləri tərəfindən nəzarətə götürülüb. Elə şey mümkün deyil”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün piyada keçidləri ilə bağlı araşdırmanın nəticələrini təqdim edərək bildirib ki, bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkiblər, bu da tıxaclara, eyni zamanda insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

BNA bəyan edib ki, araşdırma nəticəsində ümumilikdə 398 piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər