10 İyul 2017 13:01
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarayevo şəhərində Bosniya və Herseqovinada fəaliyyət göstərən, bu ölkədə, eləcə də Şərqi və Mərkəzi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik tərəfindən mükafatların təqdimetmə mərasimi keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, mükafat alanlar sırasında Makedoniyanın baş naziri Zoran Zayev, Macarıstanın Peç şəhərinin meri Pava Zsolt, Polşanın Lublina şəhərinin meri Kristof Juk, Monteneqronun Plyevlya bələdiyyəsinin sədri Mirko Caçiç , Avstriyanın Bosniya və Herseqovinadakı səfiri Martin Pammer, Monteneqronun Sloveniyadakı səfiri Miomir Muqoşa, Bosniya və Herseqovinanın rəsmiləri və görkəmli nümayəndələri, o cümlədən Bosniya və Herseqovinanın baş naziri Denis Zvizdiç, xarici ticarət və iqtisadi əlaqələr naziri Mirko Şaroviç, Neretva-Herseq kantonunun baş naziri Nevenko Herseq, tibb sahəsində xidmətlərinə görə Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviçin həyat yoldaşı Sebiya İzetbeqoviç olublar.

Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, humanitar sahədə göstərdiyi aktiv fəaliyyət, o cümlədən Bosniya və Herseqovinadakı humanitar layihələrin dəstəklənməsi, milliyyətindən və dinindən asılı olmayaraq dünyada ehtiyacı olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlığı və rifahına yönəlmiş xüsusi xidmətləri, eləcə də gənclər arasında beynəlxalq və regional dialoqun möhkəmləndirilməsi sahəsində fəallığa görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “İlin ən bacarıqlı meneceri” mükafatına layiq görülüblər. Mükafatları qəbul edən ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov təşkilatın münsiflər heyətinə və rəhbərliyinə minnətdarlığını ifadə edib, bu təltiflərin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin təsdiqi və əlaqələrimizin hərtərəfli inkişafına bir töhfə olduğunu vurğulayıb.

Qeyd edək ki, 1995-ci ildə Bosniya və Herseqovinanın Zenitsa şəhərində yaradılmış Regional Agentlik son iyirmi il ərzində müxtəlif sahələr üzrə ən uğurlu namizədləri seçərək mükafatlarla təltif edib. Regionda kifayət qədər tanınan agentliyin məqsədi dünyada bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, ətraf mühit və rifahın yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən şəxsiyyətləri seçib dəyərləndirmək və tanıtdırmaqdan ibarətdir.

Əvvəlki illərdə Monteneqro Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Albaniya Prezidenti Buyar Nişani, Polşanın sabiq prezidenti Branislav Komorovski və Bolqarıstanın sabiq Prezidenti Rosen Plevleniyev bu mükafatla təltif edilən şəxslər sırasında yer alıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər