Teleqraf.com xəbər verir ki, iranlı mühacir Bakı səfəri zamanı bəzi media orqanlarına müsahibə verib. Müsahibələrdə Abdulla Cavanşir özünü Dünya Azərbaycanlıları Konqresinin sədri kimi təqdim edib.
Məlumat üçün qeyd edək ki, hazırda Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri xalq şairi Sabir Rüstəmxanlıdır.
Abdulla Cavanşirin özünü DAK sədri kimi təqdim etməsinə münasibət öyrənmək üçün Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq.
Hazırda ölkədə olmadığını, Bakıya iyulun 26-da qayıdacağını bildirən Sabir Rüstəmxanlı bildirdi ki, DAK-ın Abdulla Cavanşir adlı sədri heç vaxt olmayıb və indi də belə bir adam yoxdur: “Mən bildiyim qədər Abdulla Cavanşir özü üçün bir təşkilat qurub və onun sədridir. O, DAK-ın sədri deyil. Əgər onu DAK sədri kimi təqdim edirlərsə, məncə səhv edirlər. Bu yanlış haldır. Abdulla Cavanşirin Avropada Güney Azərbaycanla bağlı təşkilatı var. DAK-la bağlı informasiyanı səhv olaraq veriblər və bu səhvi düzəltməlidirlər. Abdulla Cavanşir qoca kişidir, ətrafında o qədər də insan yoxdur. Ancaq çox sağ olsun, bacardığı qədər iş görür, güney məsələsinə can yandırır. Amma DAK-ın sədri deyil”.