19 İyul 2017 16:30
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə rəsmi səfər edib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Pakistan nümayəndə heyəti, əvvəlcə, Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və nazir müavini Tapdıq Əmiraslanovun iştirakı ilə Pakistan nümayəndə heyəti ilə görüş keçirilib.

Faiq Tağızadə nazirliyin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib.

Nazir müavini vurğulayıb ki, Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyi ilə məhsuldar əməkdaşlığın böyük potensialı vardır.

Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayat Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin FHN Akademiyası və Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində də olması planlaşdırılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər