AzerGold QSC-dən Teleqraf.com-a verilən məlumata görə, tələbələr 3 həftə ərzində Çovdarda iş prosesinə aktiv formada cəlb olunacaqlar.
Geologiya ixtisası üzrə 4, Dağ-mədən mühəndisliyi 4, Qeyri-üzvi maddələrin texnologiyası ixtisası üzrə 2 nəfər olmaqla təcrübədə iştirak edən gənclər həm ümumi proseslərdə, həmçinin təhsil aldıqları bölmələrə uyğun işlərdə daha dərindən iştirak edirlər. Tələbələr filiz emalı prosesinin axtarış, planlama, qiymətləndirmə, kəşfiyyat, istismar, partlatma, qırma, topa aşındırma, laborator analizlər, adsorbsiya-desorbsiya, qızıl və gümüş tərkibli xəlitələrin tökülməsi proseslərini əyani surətdə öyrənirlər.
AzerGold QSC-nin müxtəlif şöbələrinin rəhbər şəxsləri tələbələrlə görüşür, onlara mühazirələr deyir. Həmçinin Cəmiyyətin İdarə Heyətinin üzvü – sədrin müavini Oqtay Məmmədov da Çovdarda təcrübəçilərlə görüşüb şirkətin fəaliyyəti ilə bağlı geniş məlumat verib, gəncləri mədən sənayesinin perespektivləri ilə bağlı məlumatlandırıb.
Tələbələr üçün Çovdar filiz emalı sahəsində qalmaq, qidalanmaq, işləmək və tibbi müayinə üçün hər şərait yaradılıb. Təcrübəçilərə işin hər bir detalı incəliklərinə qədər öyrədilir və gələcəyin peşəkarları yetişdirilir. Təcrübə proqramı mütəmadi davam etməsi və hər ay bir neçə tələbənin təcrübəyə dəvət olunması planlaşdırılıb. Gənclər məzun olduqdan sonra onların bir neçəsi AzerGold QSC-yə işə qəbul oluna bilər.
Bu təcrübə proqramı təhsil müəssəsi ilə Cəmiyyət arasında 2017-ci ilin iyul ayında imzalanan əməkdaşlıq memorandumu əsasında həyata keçirilir. İmzalanan razılaşma ilə tərəflər nəzəri və təcrübi əməkdaşlığa başlayıb. ADNSU-nun müəllim və tələbə kollektivi “AzerGold”-un istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq.
Cəmiyyət isə universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssəsinin personalı “AzerGold”un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi “AzerGold”da işlə təmin olunacaq.