Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 29-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), bakalavrların yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradakı müvafiq keçidlərdən istifadə edib tanış olmaq mümkündür.