Son günlər Milli Mətbuat günü ərəfəsində ölkə başçısı İlham Əliyev tərəfindən jurnalistlərə mənzillərin verilməsi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. “Yeni Müsavat” qəzetində, bu mövzu, eləcə də medianın digər problemləri ilə bağlı “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı ilə müsahibə dərc olunub.
Həmin müsahibəni təqdim edirik:
- Aynur xanım, iki gün öncə Azərbaycan mətbuatının 142 ili tamam oldu. Qocaman mətbuatımızın hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, bayram əhval-ruhiyyəsindəyik. Bütün həmkarlarımı bir daha Milli Mətbuat günü münasibətilə təbrik edirəm. 142 il öncə böyük mütəfəkkir Həsən Bəy Zərdabi bu millətin yoluna bir ocaq yandırdı. O Ocaq - “Əkinçi” qəzeti idi. “Əkinçi” qəzeti sözün əsl mənasında, Azərbaycan xalqının inkişaf mərhələsində həlledici rol aldı. Yolumuza işıq saldı, müstəmləkə taleyi yaşayan bir toplumun görəvlərini anlatdı və Azərbaycan Demokratik Cümhuriyyətinə gedən yolu bəlirlətdi. Bu baxımdan, Azərbaycan mediasının yarandığı ilk gündən çox önəmli, çox mühüm bir missiyası var: bu, yalnız xəbərçilik deyil. Bu, həm də maarifçilikdir! Millətin yolunu, məfkurəsini, düşüncəsini, dünyagörüşünü aydınlatmaqdır. O baxımdan mən böyük Zərdabiyə və onun ardıcılları olan Mirzə Fətəli Axundova, Nəcəf Bəy Vəzirova, S.Ə.Şirvaniyə, Üzeyir Hacıbəyova, sadəcə, bir mətbuat yaradıcısı, banisi, yazarı kimi baxmıram.
Onlar bir fədai, aydın, inqilabçı idilər və onların başlatdıqları missiya yuxarıda dediyim kimi, bu millətə Şərqdə ilk demokratik cümhuriyyətin əsasını qoymağa təkan verdi. Bizim bütün azadlıq, müstəqillik, istiqlaliyyət arzularımız “Əkinçi”dən doğub. Çağdaş mediamız da bu yolu davam etdirir. Şərəflə və ləyaqətlə! Bu iki kəlməni xüsusi vurğulamaq istəyirəm. Çünki son günlər, xüsusən də cənab prezidentin məlum sərəncamı ilə jurnalist həmkarlarımıza mənzil paylanılmasından sonra sosial şəbəkələrdə jurnalistikada xidməti və haqqı olmayanların qarayaxma kampaniyasında fəallıq göstərənlərə cavab olsun deyə, xüsusilə qeyd edirəm: bu ölkənin jurnalistləri illərdir az maaşla, məişət problemlərinin ağırlığında əzilə-əzilə bu dövlətə sədaqətlə xidmət edirlər. Biz dövlətimizin yanındayıq və qələmimizlə müstəqilliyimizin daha da möhkəmləndirilməsi prosesində iştirak edirik.
Bu prosesdə az da olsa, qatqımız varsa, nə mutlu bizə. Bunu həmişə demişəm, bir daha xatırlatmaq istəyirəm: fikrimcə, peşəkarlıq, yoxsa vətənpərvərlik dilemması qarşısında qalası olsaq, biz jurnalistlər məhz ikincini seçməliyik. Çünki Azərbaycan Qarabağ konfliktini həll etməli olan bir ölkədir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Dünyada və yaxın ətrafımızda tərəfdaşlarımız və tərəfdarlarımız azdır. Xristian dünyası Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsini arzulayır.
Bu mürəkkəb münasibətlər sistemində Azərbaycan kimi dövlətlərin öz müvazinətini saxlaması çox çətindir. Sevindirici haldır ki, bunca müqavimətin, haqq-ədalətin bərpasını görməzlikdən gələnlərin mövcudluğu şəraitində Azərbaycan hakimiyyəti bu reallığı xeyrimizə dəyişə bilir. Azərbaycan prezidenti nəinki Qarabağın Ermənistana verilməcəyini, bu işğalla barışmayacağımızı, hətta vaxtilə Azərbaycandan alınaraq Ermənistana ilhaq edilmiş ərazilərə də iddialı olduğumuzu bəyan edir. Bu, əlbəttə ki, çox qürurvericidir.
“... Xüsusən də cənab prezidentin məlum sərəncamı ilə jurnalist həmkarlarımıza mənzil paylanılmasından sonra sosial şəbəkələrdə jurnalistikada xidməti və haqqı olmayanların qarayaxma kampaniyasında fəallıq göstərənlərə cavab olsun deyə, xüsusilə qeyd edirəm...”
- Dövlət başçısının son günlərdə mətbuat işçilərinə ev bağışlaması cəmiyyəti sanki iki yerə böldü. Sizin də dediyiniz kimi, bəziləri buna sevinsə də, jurnalistin ev almasının əleyhinə olanlar da var. Onlara sözünüz nədir?
- İlk öncə ev alan bütün həmkarlarımı, dostlarımı, xüsusən də keçmiş iş yoldaşlarım olan “Yeni Müsavat”çıları bir daha ürəkdən təbrik edirəm. Yeni evlərində könül xoşluğu ilə yaşasınlar, xoşbəxt olsunlar. Məncə, insana bundan böyük və bundan gözəl hədiyyə ola bilməz. Mən özüm də 32 yaşıma qədər kirayələrdə yaşamışam və bu çətinliyin nə demək olduğunu yaxşı bilirəm. Milli Məclisin üzvü olanda prezident İlham Əliyev mənə də ev bağışlayıb. Hazırda o mənzildə yaşayıram. Övladlarım rahat, geniş evdə böyüyürlər və mən hər gün buna görə prezidentimə dua edirəm. Ömrümün sonunadək bu yaxşılığı unutmayacağam.
Ev doğrudan da var-dövlət, zənginlik göstəricisi deyil. Ev rahatlıqdır. Evin varsa, çiynindən ağır bir yükün götürülməsi deməkdir. Xüsusən də Azərbaycan mentalitetində. Qızına elçi gələndə valideynlərin ilk sualı bu olur: oğlanın evi varmı? Yəni evə həddən ziyadə önəm veririk biz azərbaycanlılar. Normal şəraitli evlərdə yaşamaq hər kəsin haqqıdır, o cümlədən də biz jurnalistlərin.
Reallıqsa budur ki, hazırkı “kəmərlərin sıxıldığı” iqtisadi böhran şəraitində jurnalistlərin öz imkanları ilə ev almaq şansları aşağıdır. Azərbaycan prezidenti yüksək humanizm nümayiş etdirərək jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə binalar inşa etdirir. Keçən dəfə 156, bu dəfə 255 jurnalist mənzil sahibi oldu. Və bu ənənəyə çevrilməkdədir: artıq üçüncü binanın da təməli qoyuldu.
Bunu yalnız və yalnız alqışlamaq lazımdır. Bu, prezidentin mediaya və jurnalistlərə verdiyi önəmdir. Aztəminatlı ailələrə göstərdiyi həssaslıqdır, qayğıdır. Təəssüf ki, bu, bəzən düzgün qiymətləndirilmir. Xüsusən son günlər sosial şəbəkələrdə bəzi bədxahlar “axı niyə məhz jurnalistlərə ev verilməlidir” tipli statuslar paylaşırlar. Məgər bu ölkədə yalnız jurnalistlərəmi ev tikilib? Məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə, hərbçilərə tikilən binalar... Onların sayını bilirsizmi? Burda heç bir ayrı-seçkilik yoxdur. Mənzil ehtiyacı olanlara verilir. Bu, jurnalist də ola bilər, hərbçi də, şəhid ailəsi də. Məsələyə xoşgörü ilə baxmaq lazımdır. Üst-üstə indiyədək 411 jurnalist evlə təmin olunub. Belə olmasaydı, siz çoxmu rahatlanacaqdınız? Biz buna sevinirik, siz də sevinin.
Aydın məsələdir, eyni vaxtda bütün iddialıların arzusunu yerinə yetirmək mümkün deyil. Mənzillərin də sayı məlumdur, iddialıların da. Keçən dəfə almayanlar bu dəfə aldı, bu dəfə adı siyahıda olmayanlar gələn dəfə istəklərinə qovuşacaqlar. Kim layiqlidir-layiqli deyil, bunu siz müəyyənləşdirə bilməzsiniz. Çünki şəxsi qənaətlə, zövqlə müəyyən edilmir haqlılıq-layiqlilik dərəcəsi. Bunun üçün böyük bir komissiya işləyib, araşdırıb və bir siyahı formalaşdırıb. Bu siyahıya əsasən, ehtiyacı olanlar mənzillə təmin olundular. Elə bizim şirkətin 3 əməkdaşı - 3-ü də kirayədə yaşayırdı - ev aldı. Mən bu məsələyə hər kəsin şəxsi yox, ümumi kontekstdən baxmasını çox istərdim. Fərqi nədir, o evlər Publika.az-ın, “Yeni Müsavat” qəzetinin, yoxsa APA-nın əməkdaşlarına verilib. Əsas odur ki, onların hamısı, harada işləməsindən asılı olmayaraq, bizim həmkarlarımızdır. Mən 255 ailəyə sevinc və xoşbəxtlik bəxş etdiyinə görə prezident İlham Əliyevə təşəkkür edirəm!
- “Bundan sonra ev alan jurnalistlər əvvəlki kimi obyektiv olmayacaq” iddiası ilə bağlı fikriniz necədir?
- Bu, absurddur. Əhəmiyyət vermək lazım deyil. Əvvəla, ev verilən jurnalistlərdən bunu tələb edən yoxdur. Ötən dəfə ev almış hansı jurnalistin fəaliyyətində, yazılarında bir dəyişiklik gördünüz? Kim dəyişəcək, Aygün Muradxanlı, Hüseynbala Səlimov, yoxsa Zahid Səfəroğlu? Sizi əmin edirəm ki, bu fikri ortaya atanlar özləri ev alsaydılar, heç vaxt bunu iddia etməzdilər. Əksinə, onlar ev alanları, ev verənləri ittiham etməkdənsə, reketçiliklə məşğul ola-ola özünü jurnalist hesab edənləri ifşa etsələr, cəmiyyətə daha çox xeyir verə bilərlər. Başqa sahələrdə çalışan insanlara da dövlət tərəfindən ev verilir. Amma bu heç vaxt müzakirə olunmur. Jurnalistlərə ev verilməsi niyə bu qədər müzakirə olunmalıdır? Onlar da bu ölkənin vətəndaşları deyillərmi?
“Heç bir ali təhsili olmayan, jurnalistikaya heç bir dəxli olmayan şəxslərin asanlıqla domen adı qeydiyyatdan keçirib, kollektivi yalnız özündən ibarət olan sayt yaratması, tanınmış insanları, xüsusən yüksək vəzifəli məmurları yalan-böhtan xarakterli ”yazı"larla şantaj etməsi yolverilməzdir"
- Sizcə, hazırda mətbuatımızın ən böyük problemi nədir?
- Təbii ki, inkişaf varsa, problemlərin olması da qaçılmazdır. Azərbaycan da dünyanın bir parçasıdır. Dünyada gedən arzuolunmaz proseslər bizə də təsirsiz ötüşmür. Təəssüf ki, iqtisadi krisiz mətbuata da yansıdı. Dünyanın ən məşhur media holdinqləri öz fəaliyyətlərini təkrar nəzərdən keçirməli və büdcələrində ixtisarlara getməli oldular. Amma fikir verirsizsə, bu, Azərbaycan mediasında ciddi hiss olunmadı. Düzdür, biz də müəyyən ixtisarlar etdik, bəzi layihələrimizin fəaliyyətini müvəqqəti dayandırdıq. Amma yaxşı ki, bu problemin ağırlaşmaması üçün dövlətimiz də bizə dəstək göstərdi. Milli Mətbuat günü ərəfəsində, hər il olduğu kimi, bu dəfə də ölkə prezidenti çap mediasının fəaliyyətinə dəstək vermək üçün maliyyə yardımı ayırdı. KİVDF vaxtaşırı jurnalist müsabiqələri keçirir və bunun da məqsədlərindən biri jurnalistlərin fəaliyyətini stimullaşdırmaq və maliyyə dəstəyi verməkdir. O baxımdan, düşünürəm ki, maliyyə problemlərimiz olsa da, öhdəsindən gələ bilirik. Amma bütövlükdə Azərbaycan mediasının bəzi problemləri hələ də qalır. Mətbuat Şurasının səyləri sayəsində reketçi jurnalistlərin sayında azalma olsa da, onlar faktiki olaraq medianı hörmətdən salmaqda davam edirlər. Bu yöndə səylərin daha da gücləndirilməsini və hər yerindən duranın jurnalistlik iddiasının qarşısını almaq üçün müvafiq qanunvericiliyə bəzi əlavələrin edilməsini zəruri sayıram. Hər halda, heç bir ali təhsili olmayan, jurnalistikaya heç bir dəxli olmayan şəxslərin asanlıqla domen adı qeydiyyatdan keçirib, kollektivi yalnız özündən ibarət olan sayt yaratması, tanınmış insanları, xüsusən yüksək vəzifəli məmurları yalan-böhtan xarakterli “yazı”larla şantaj etməsi yolverilməzdir. Bu, jurnalistikanı, medianı çox ciddi şəkildə zədələyir...
- Bəs reklam bazarındakı vəziyyət sizi qane edirmi?
- Əlbəttə, qane etmir. Reklam gəlirlərimiz nəzərəçarpacaq dərəcədə azalıb. Bunun bir səbəbi iqtisadi böhranla bağlıdırsa, digər səbəbi reklam verən şirkətlərin yeni media anlayışına yetərincə önəm verməməsi ilə bağlıdır. Artıq klassik media sürətlə öz yerini yeni mediaya - onlayn portallara verməkdədir. İnformasiya almaq asanlaşır. Artıq xəbərləri öyrənmək üçün TV-lərin 1 saatdan bir yenilədikləri xəbər bülletenini gözləməyə gərək qalmır. İnsanlar onlayn xəbər portalları, saytlar, sosial şəbəkələr vasitəsilə anındaca dünyanın istənilən yerində baş verən hadisədən xəbər tuta bilirlər.
O baxımdan, düşünürəm ki, reklam verən şirkətlər də bu reallıqla, bu yeni situasiya ilə yaşamağa, işləməyə çalışmalıdırlar. Çünki artıq təhsilli, intellektli, işgüzar insanlar klassik televiziyaların qarşısında deyillər, dünya artıq onların ovcuna sığışacaq qədərdir.
- Yeri gəlmişkən, ölkədə çap mətbuatının sayı gündən-günə azalır. Bu duruma münasibətiniz necədir?
- Təəssüf ki, bu da reallıqdır. Bütün inkişaf etmiş ölkələrdə insanlar öz günlərinə səhər tezdən qəzet oxumaqla başlayırlar. Qonşu ölkələrdə çoxtirajli qəzetlər hələ də öz nüfuzunu, gücünü saxlamaqdadır. Azərbaycanda isə - mən bunu təəssüf hissi ilə deyirəm - insanların qəzet oxumaq vərdişi günü-gündən azalır. Çox rahat şəkildə hər gün siqaretə pul xərcləyən insanlarımız qəzet almaq-oxumaq istəmirlər. Bunu önləyəcək bir mexanizm varmı, deməyə çətinlik çəkirəm...
- Rəhbərlik etdiyiniz media qurumu ilə bağlı oxucuları nə kimi yeniliklər gözləyir? Yeni layihələriniz olacaqmı?
(davamı olacaq)