Teleqraf.com xəbər verir ki, bu sözləri tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlu azərbaycanlıların ərəb dilində namaz qılması, dualar oxuması zamanı yol verdikləri yanlışlıqlarla bağlı fikirlərini bölüşərkən deyib.
O bunu ərəb əlifbasının dilimizə yad olması ilə əlaqələndirib: “Ərəb olmayan müsəlman hər namazında, yaxud bir başqa münasibətlə "Fatihə" oxuyanda "nə`budu" sözündəki "ayn" boğaz samitini "həmzə" hərfi kimi tələffüz edir. Və mənası "ibadət edirik" olan həmin söz "vəhşiləşirik" anlamında səslənir.
Yaxud, "İxlas" surəsini oxuyan azərbaycanlıların əksəriyyəti Tanrı mütləq, əbədi, hər ehtiyacdan ucada və sair mənasında "Allahu-s-saməd" ifadəsindəki emfatik samit olan "sad" samitini doğru tələffüz edə bilmədiklərinə görə saməd dönüb olur "səməd", yəni "gübrə".
Bu, tamamilə təbiidir və irad da tutulası deyil, çünki bunlar dilimizə yad samitlərdir, azərbaycanlılar bunları ümumilikdə tələffüz edə bilməzlər. Doğru tələffüz üçün gərək xüsusi təlim keçələr...”
Şərqşünas qeyd edib ki, bu və başqa surələrdə, eləcə də dualarda qeyri-ərəbin dilə gətirdiyi məna yanlışlıqlarına dair xeyli sayda nümunə göstərmək olar. Lakin bunu insanların niyyətlərinin saflığı ilə əlaqələndirib anlamaq olar:
“O fikirlə razıyam ki, başlıcası bu məna eybəcərlikləri deyil, nəzərdə tutulan niyyətlərin saflığıdır. Ancaq bu fikirlə də razılaşsınlar ki, ifadə olunan niyyətlər ana dilində də saf ola bilər. Və əgər ibadətdə doğrudan-doğruya niyyət saflığı, səmimiyyət əsas götürülürsə, onda ana dili məsələsinə də gərək hər hansı etiraz bildirilməyə.
Anlaşılmayan, ərəbcə əcaib mənalar verən təhrifli sözləri gücənərək ucadan, yaxud dodaqaltı pəsdən tələffüz etməkdənsə, yaxşı olmazdımı daha səmimi olasan, doğma dilin aydınlığında nə istədiyini, nə dediyini biləsən?!”
Qeyd edək ki, Nəriman Qasımoğlu daha öncə insanları öz ibadətlərini, dua və namazlarını ərəbcə yox, məhz azərbaycanca oxumağa çağırmışdı.