10 Avqust 2017 18:20
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tozla müşahidə olunan küləkli hava ürək problemi insanlara mənfi təsir edir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-kardioloq Afiyəddin İsgəndərov deyib.

Onun sözlərinə görə, belə havalarda meteohəssas insanların evdə olmaları məsləhətdir: “Tozla müşahidə olunan hava şəraiti daha çox allergiyası olan insanlara problem yaradır. Havanın temperaturunun birdən-birə 5-6 dərəcə aşağı düşməsinin ürək xəstəliyi olan insanlara mənfi təsiri var. Bunu nəzərə alıb meteohəssas, ürək problemi olan insanların evdə olması məsləhət görülür”.

Afiyəddin İsgəndərov qey edib ki, küləkli havada atmosfer təzyiqi də dəyişir: “Nəticədə arterial qan təzyiqinin dəyişməsi baş verir. İnsanın qan təzyiqi yüksəlir və ya aşağı düşür. Bu zaman xəstəyə verilən dərman həkim tərəfində tənzimlənməlidir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.

Buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər