- Bir neçə gün öncə İrandakı görüşlər barədə məlumat verməyinizi istərdik. Kimlərlə görüşlər oldu, nələrdən danışıldı?
- Avqustun 5-dən 7-dək İrana səfərin məqsədi “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransda iştirak etmək idi. Olduqca yüksək səviyyədə baş tutan konfrans Azərbaycan tərəfindən Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İran tərəfindən isə İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası və Mədəniyyət və İslam Əlaqələri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilirdi. Konfransda İranın tanınmış dini və ictimai xadimləri iştirak edirdilər. Azərbaycanı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsiin sədri Mübariz Qurbanlı, Quranın Azərbaycanda ilk tərcüməçisi akademik Vasim Məmmədəliyev, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İrandakı səfiri Bünyad Hüseynov və digər şəxslər təmsil edirdi. Konfransın İranda keçirilməsi təsadüfi deyildi. Çünki İran Azərbaycanla çox böyük ortaq mədəniyyətə, tarixi keçmişə, dostluq və qardaşlıq münasibətlərinə malik olan bir ölkədir. Bildiyimiz kimi, bu il ölkəmizdə Azərbaycan prezidenti tərəfindən “İslam Həmrəyliyi ili” elan olunub, Azərbaycanda məzhəblərin yaxınlaşdırılması ilə bağlı böyük tədbirlər keçirilib, vəhdət namazı qılınır. Azərbaycanın dövlət başçısı elan edib ki, hazırki tarixi mürəkkəb şəraitdə İslam həmrəyliyi zərurətdir. Bu baxımdan bu cür beynəlxalq konfransların keçirilməsi İslam həmrəyliyinin təmin olunması məqsədi daşıyır. İran İslam Respublikasında baş tutan konfransın məqsədi İslam həmrəyliyini gücləndirmək üçün müxtəlif fərqli düşüncə və məzhəblərin bir arada yaşamasının mümkün olduğunu göstərmək idi.
- Səfər tarixiniz İranın yeni müddətə seçilmiş Prezidenti Həsən Ruhaninin inaqurasiya mərasiminin keçirildiyi günə təsadüf etmişdi. Andiçmə mərasiminə qatıldınız?
- Xeyr. Həsən Ruhaninin inaqurasiya mərasiminə qatılmadıq. Məqsədimiz beynəlxalq konfransda iştirak etməkdən ibarət idi.
- Ermənistan mediası Serj Sarkisyanın andiçmə mərasimində iştirakını qabardaraq İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək məqsədilə xəbərlər tirajladı. Bu məsələyə dair münasibətiniz maraqlıdır...
- Ermənistan mətbuatı daim təxribatla məşğuldur, həmişə Azərbaycanın böyük qonşuları – Rusiya, Türkiyə, İranla münasibətlərini korlamağa cəhdlər edir. Əlbəttə ki, İran prezidentinin inaqurasiyası mühüm bir siyasi hadisə idi. Andiçmə mərasimində Azərbaycan nümayəndə heyəti, parlamentin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirak etdi. Düşünürəm ki, bu, kifayət qədər ciddi və mötəbər nümayəndə heyəti idi. Ermənistan mediası daim çalışır ki, İran-Azərbaycan münasibətləri yaxşı olmasın. Bu mənada bizim mediamız daha diqqətli olmalı, işğalçı ölkənin bu cür informasiya provakasiyalarına əhəmiyyət verməməli və düzgün şərh etməyi bacarmalıdır.
- Yeri gəlmişkən, Azərbaycanda etiraz edilən mövzulardan biri də din qardaşımız olan İranın Dağlıq Qarabağ məsələsində ölkəmizə yetərincə dəstək olmaması, ayrı-ayrı İran ictimai-siyasi xadimlərinin Ermənipərəst mövqedə çıxış etməsi ilə bağlıdır. İştirak etdiyiniz tədbirlərdə bu aspektdə müzakirə aparıldımı?
- İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, İranla Azərbaycanın xüsusi münasibətləri olub. İran beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə və bəyannamələrə imza atan ölkədir və daima ölkəmizin mövqeyini müdafiə edib. Bu, belə də olmalıdır. Çünki iki ölkənin iqtisadi, mədəni, humanitar sahələrdə dərin əməkdaşlığı var. Bu gün İranla Azərbaycan meqa layihələrə imza atırlar. Hər iki ölkədə hamı dərk edir ki, İran-Azərbaycan münasibətlərinin yaxşı olması bütövlükdə regionumuzun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İranın daim bizi dəstəkləməsi təqdirəlayiq haldır və iki ölkənin dostluq və qardaşlıq münasibətlərinə yaraşan şəkildə davam edir.
- Zaman-zaman İranın bəzi media qurumlarında Azərbaycan əleyhinə fikirlər yayımlanır. Konfrans çərçivəsində bunlara son qoyulması istiqamətində iradınız və ya təklifləriniz oldumu?
- Beynəlxalq konfransda “İslam Həmrəyliyi və media: İran-Azərbaycan münasibətləri kontekstində” mövzusunda çıxış elədim. Biz bilirik ki, əsas etibarilə istər milli, istərsə də dini həmrəyliyi pozan vasitələrdən biri informasiyadır. İnformasiyanın media üzərindən istehlakçılara çatdırıldığını nəzərə alsaq, o zaman KİV-in rolunun nə qədər mühüm və aktual olduğunu görərik. Bu gün insanlar tarixən hər zamankından daha çox informasiya almaq imkanına malikdir. Ən müxtəlif dini mənsubiyyəti olan vətəndaşlar informasiyanı həm media, həm də internet üzərindən əldə edirlər, belə olan halda informasiya həm birləşdirici, həm də bölücü funksiya yerinə yetirə bilər. Ona görə də milli informasiya məkanında yayılan məlumatların keyfiyyəti və məzmunu olduqca əhəmiyyətlidir. Mən də İranda bu məsələdən danışmağa çalışdım. Qeyd etdiyiniz kimi, zaman-zaman ayrı-ayrı informasiya vasitəsiləri bəzən İranla Azərbaycan arasında münasibətlərin korlanmasına xidmət edə biləcək xəbərlər yayırlar. Ancaq sevindiricidir ki, bu hal kütləvi deyil. Nə İran, nə də Azərbaycan mediasında ciddi sayılacaq qədər böyük miqyasda da deyil. Düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin yaxşı olmasının nə qədər əhəmiyyətli olduğunu dərk edən hər bir informasiya istehsalçısı əsla bu münasibətlərə ziyan vuracaq məlumat yaymaz. Hər iki ölkədəki ciddi media qurumları bu münasibətlərin əhəmiyyətini başa düşdükləri üçün heç vaxt dezinformasiyaya, birliyə, bərabərliyə, qonşuluğa, qardaşlığa xələl gətirəcək informasiyalara yer vermirlər. Əlbəttə, ki, hər bir ölkənin milli mediası onun təhlükəsizliyini təmin edən əsas komponentlərdən biridir. Ona görə də İran və Azərbaycan KİV-lərinin çox böyük imkanları var ki, hər iki ölkənin nə qədər yaxın və bir-biri üçün vacib olduğunu daha geniş işıqlandıra bilsin. Hesab edirəm ki, İran və Azərbaycan mediası bu prinsipləri qoruya bilir. Əgər medianın fəaliyyətinin cazibə mərkəzi dövlət və milli maraqlardırsa, bu istiqamətdə hərəkət edilməlidir. Bu gün bizim həm dövlət, həm də milli maraqlarımız dost, qonşu və qardaş İranla münasibətlərimizin yüksək səviyyədə olmasını tələb edir.
- Səfəriniz çərçivəsində İranda yaşayan soydaşlarımızla görüşüb söhbətləşmək imkanınız oldu?
- Konfransda iştirak edən nümayəndələrin içərisində azərbaycanlılar da vardı. Orada ünsiyyətdə oluğumuzun şəxslərin az qala hər iki nəfərdən biri azərbaycanlı idi. Nümayəndə heyətini qarşılayan və misafirpərvərlik nümayiş etdirən şəxslər içərisində azərbaycanlılar da vardı. Azərbaycanlılar İranda çox mühüm dövlət vəzifələrində, dini-ideoloji və mədəniyyət mərkəzlərində çalışırlar. İranda etnik baxımdan kimin kim olduğunu müəyyənləşdirmək bir qədər çətindir. Çünki hamının Azərbaycana münasibəti eyni dərəcədə müsbət, sevgi dolu və səmimidir. Vaxtilə İranı Azərbaycanda təmsil edən səfirlər – Əhəd Qəzai, Möhsün Pakayin gəlib bizimlə görüşdülər. İran parlamentarilərinin münasibəti bizdə çox xoş təəssürat yaratdı. Bir sözlə, etnik və məzhəb mənsubiyyətindən asılı olmayaraq hər kəsin Azərbaycana olan diqqət, sevgi və qayğısının şahidi olduq.