“Çelsi”nin keçmiş baş məşqçisi Avram Qrant Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, “Qarabağ” klubunun polşalı mərkəz müdafiəçisi Yakub Jezniçak bu barədə instaqram səhifəsində məlumat verib. İsrailin ən məşhur məşqçisi ilə foto paylaşan Yakub Jezniçak yeni layihə olacağı anonsunu verib. O, məşhur mütəxəssislə fotosunu “Böyük məşqçi Avram Qrantla möhtəşəm görüş” qeydi ilə öz izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Avram Qrant 2002-2006-cı illərdə İsrail milli komandasını çalışdırıb, Mourinyonun istefasından sonra müvəqqəti olaraq “Çelsi”nin başına gətirilib. Komandanı ÇL-in finalına daşıması isə onu qitədə məşhurlaşdırıb. Premyer Liqada “Portsmut” və “Vest Hem Yunayted” kimi klublarda çalışan Avram “Partizan”da işləyib və Belqrad klubunu çempion edib. Onun sonuncu iş yeri Qana millisi olub.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” sentyabrın 12-də “Çelsi” ilə qarşılaşacaq.