Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlı təşkilatın Azərbaycan mediasına heç bir aidiyyəti yoxdur. Onların gördüyü işlər birbaşa media adına utanc gətirən hərəkətlərdir. “Saç ustası”nın media təşkilatından “peşəkarlıq sertifikatı” - “ən yaxşı saç ustası” mükafatı alması nəyə lazımdır?! Görünür, onların “saç ustalığı” da elə bunların “jurnalist təşkilatı” olması kimi bir şeydir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli sosial şəbəkələrdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adından saç ustası Röyal İsmayılov adlı şəxsə verilən “ilin saç ustası media mükafatı” ilə bağl müzakirələrə münasibət bildirərkən deyib.
Müşfiq Ələsgərlinin sözlərinə görə, bu məsələ ümumilikdə həm Azərbaycan mediası, həm də rəhbərlik etdiyi təşkilat üçün ciddi bir problemə çevrilib:
“Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlı qurumun adı bizim təşkilatın – Jurnalistlərin Həmkarlar İttifaqının adına bənzər olduğu üçün bu, bəzən oxucuları çaşdırır. Mənə on dəfələrlə zənglər gəlib, müraciətlər olunub, bu təşkilatın təmsilçilərinin maddi ödəniş qarşlığında fəxri diplomlar satdıqlarını bildiriblər. Bir vaxtlar nüfuzlu, hörmətli bir nominasiya olan, peşəkar əməyi ilə fərqlənən qələm əhlinə verilən “Qızıl qələm” mükafatının adını mənimsədilər, onu maddi ödəniş qarşılığında insanlara təklif etməklə, bu dəyərli nominasiyanın dəyərini heçə endirdilər. Halbuki zaman-zaman ölkənin ən tanınmış, ən peşəkar qələm sahibləri bu mükafatı almışdılar. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı bu mükafatı gözdən salmaqla yanaşı, bir zamanlar həmin mükafata layiq görülmüş insanların da əməyinə kölgə saldı, həm də Azərbaycan mediasına yaraşmayan, mükafatın pulla satılması tendensiyasının əsasını qoydu. Bu təşkilatın təmsilçiləri həm qanun, həm də jurnalistikanı öz əməyi ilə şərəfləndirmiş şəxslər qarşısında məsuliyyət daşıyırlar. Dövlət, millət maraqları naminə vuruşmuş, döyüşmüş, peşəkarlaşmış Azərbaycan mediası adından istifadə edərək bu cür cılız maraqlar güdmək, insanlığa yaraşmayan ən aşağı hərəkətlərdir”.
Mətbuat Şurasının sədr müavini təəssüf edir ki, bu məsələ dəfələrlə qabardılsa da, hüquq-mühafizə orqanları ciddi reaksiya verməyiblər: “Hesab edirəm ki, artıq Ədliyyə Nazirliyi müraciətləri ciddiyə almalı, bu təşkilatın qeydiyyatı ilə bağlı məsələyə baxmalıdır, barələrində ən ağır inzibati tədbir görülməlidir. Çünki bu adamlar artıq “ictimai qınaq” məsələsini heçə sayırlar, dəfələrlə tənqid olunmalarına baxmayaraq, əməllərində heç bir dönüş etmirlər. Məsələnin digər tərəfi isə “Azərabycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı” adlı qurumun “mükafatlarını” həvəslə qəbul edənlərlə bağlıdır. İnsan düşünməlidir ki, “mükafatı” kimdən və hansı əməlinə görə alır. Mən bəzən mükafat təklif edilən biznesmenə deyirəm ki, axı bu “Qızıl qələm” mükafatı sənin nəyinə lazımdır?! Sözüm öz sahəsinin peşəkarı olanlaradır: mükafat təklifi alanda mükafat təklif edənin kimliyi barədə elementar araşdırma aparın. İnternetin inkişaf etdiyi indiki dövrdə bu, çox asan bir işdir”.