2 yaşlı Zəhra və onun nənəsinin ölümünə səbəb olan mərmi parçası Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Teleqraf.com xəbər verir ki, eksponat Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq nümayiş etdiriləcək.
Erməni silahlı qüvvələri tərəfindən dəzgahlı qumbaraatanlardan atılmış, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçasını Milli Azərbaycan Tarixi Muzeyinə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib.
Xatırladaq ki, 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.