“Coca-Cola” şirkəti Azərbaycandakı istehlakçılarına və bütün ictimaiyyətə müraciət edərək bildirir ki, sosial şəbəkələrdə səsli mesaj formasında yayılan və “Coca-Cola” əməkdaşı tərəfindən şirkətin məhsullarının yoluxdurulmasını iddia edən məlumatlar yalandır və heç bir halda həqiqətə uyğun deyildir.
Bu barədə Teleqraf.com-a şirkətdən məlumat verilib.
Məlumatda bildirilib ki, “Coca-Cola” bu cür təxribat xarakterli yalan məlumatın yayılmasını qəti şəkildə pisləyir:
“Şirkətimiz üçün istehlakçıların təhlükəsizliyi və məhsulların keyfiyyəti ən önəmli məsələdir. Məsuliyyətlə bildiririk ki, istehsal etdiyimiz bütün içki məhsulları insan sağlamlığı üçün təhlükəsizdir, yerli və beynəlxalq qida təhlükəsizliyi tələblərinə tam cavab verir”.
Şirkət onu da bildirib ki, satışdan məhsullarının yığılması da həmin şayiənin bir hissəsidir: “İstehlakçılarımız dünya standartlarına uyğun istehsal edilən məhsullarımızdan əminliklə həzz almaqda davam edə bilərlər”.
Qeyd edək ki, ötən gün Vatsap istifadəçilərinin telefonuna şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxduğu və qanını qəsdən “Coca-Cola”lara axıtdığı səsi yayılıb.
Səsdə deyilir ki, şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.