15 Sentyabr 2017 09:31
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri Zakir Həsənov İsraildə hərbi müzakirələri davam etdirir, XİN başçısı Elmar Məmmədyarov isə Nyu-York görüşünə gedir; işğalçı ölkə danışıqları pozmaq üçün növbəti təxribatlara əl atdığı məqamda Türkiyə ilə birgə təlimlərə start verilir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə rəsmi səfəri davam edir. Bu barədə “Yeni Müsavat”a Müdafiə Nazirliyindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, səfərin növbəti günündə nazir bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib. Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

Xəbər verdiyimiz kimi, səfərin ilk günü Zakir Həsənovla İsrailin müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş keçirilmişdi. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. İsrailə rəsmi səfəri çərçivəsində müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub. Səfər zamanı ikitərəfli razılaşmaların əldə olunacağı şübhə doğurmur. Amma hələlik imzalanan sənədlər barədə rəsmi açıqlama verilmir. İsrail istehsallı silahların Azərbaycanın hərbi arsenalında əsas yeri tutduğunu həm dostlarımız, həm də düşmənlərimiz yaxşı bilir. Xüsusilə də ötən ilin aprelində Ermənistan ordusuna sarsıdıcı zərbələrin vurulmasında İsrail istehsalı olan pilotsuz uçan aparatların rolu danılmazdır. Ancaq Bakı Təl-Əvivdən daha sarsıdıcı silahlar almaqda qərarlıdır və İrəvan bugünlərdə ciddi təşviş keçirir.

Düşməni təşvişə salan daha bir təlimə start veriləcək. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimləri keçiriləcək. Sentyabrın 18-dən başlayacaq təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək. Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək. Təlimlər sentyabrın 30-dək davam edəcək.

Hərbi ekspert Tərlan Eyvazov “Yeni Müsavat”a dedi ki, müdafiə nazirinin İsrailə səfəri olduqca mühüm əhəmiyyətə malikdir: “Ümumən Zakir Həsənov bundan əvvəl bir necə dəfə Rusiyada rəsmi səfərdə olmuş, həmçinin yüksək səviyyəli rusiyalı hərbçilər Azərbaycanda səfərdə olmuşlar. Eyni zamanda NATO və Rusiya generallarının Bakıda ölkəmizdəki məxfi görüşləri ondan xəbər verir ki, Azərbaycan dünyanın böyük gücləri üçün olduqca maraqlıdır. Yəni bu, təkcə enerji qaynaqları ilə bağlı deyil, həm də Azərbaycanın regionda strateji və etibarlı bir tərəfdaş olması anlamını verir. İsrail səfərinə gəldikdə isə məlumdur ki, bu ölkədə müdafiə naziri olduqca mühüm bir postdur və ölkədə daha böyük vəzifə tutmaq istəyən siyasətçi mütləq bu posta yiyələnməyə can atır. Ölkəmizlə İsrail arasinda isə artıq uzun müddətdir yaxın, iki tərəf üçün zəruri olan siyasi diplomatik, iqtisadi hərbi əlaqələr inkişaf etməkdədir. Bu əlaqələr İsrail üçün nə qədər vacibdirsə, bizim üçün də çox lazımlıdır. Bu ölkə inkişaf etmiş ölkədir. Heç kəsə sirr deyil ki, bu inkişaf əsasən ABŞ, Amerikada yaşayan, bu ölkənin daxili və xarici siyasətinə, iqtisadiyyatina bilavasitə təsir gücünə malik imkanlı yəhudilərin hesabınadır”. T.Eyvazov xatırlatdı ki, İsrail elmin, texnikanın, həmçinin hərbi texnologiyaların inkişafında böyük nailiyyətlər əldə edib: “Təcrübədən görürük ki, oradan aldığımız silahlar doğrudan da çox effektli və müasirdir. Elə silahlar var ki, İsrail firmaları onu yalnız öz ordularına və bizə satıb. Kommersiya şərtləri isə çox uyğundur. Əgər Rusiya ilə müqayisə etsək, bəzən rus məmurları bizə hərdən keyfiyyətsiz silah və texnika sırımaq istəyirlər. Təbii ki, Azərbaycan mütəxəssisləri bunu vaxtinda aşkar edib lazımi tədbirlər görürlər.

Bəzən Rusiya tərəfi artıq bizə ehtiyac olmayan hərbi texnikanın alınmasında israr edir. Sonra da Ermənistanı incik salmamaq üçün onlara çox yumşaq sərtlərlə həmin silahlardan verir. Amma İsrail dövləti Ermənistanin bütün çabalarına baxmayaraq, hələlik belə addım atmayıb. Bu yaxınlarda isə İsrailin region ölkələri ilə əlaqə nazirinin Ermənistanda səfərdə olması sırf diplomatik protokol xatirinə idi. Təbii ki, belə əlaqələr olmalıdır və bəzi politoloqların kəskin reaksiyası başadüşülən deyil. İsrail-Azərbaycan əlaqələri bəzi İslam dövlətlərində qıcıq doğursa da, biz bu əlaqələrdən imtina edə bilmərik. Necə ki, həmin ölkələrin bizə düşmən Ermənistanla olan əlaqələrini anlaqla qarşılayırıq. Həm də biz İsraildən yalnız silah almırıq, həm də o ölkəyə çox böyük həcmdə məhsullar satırıq. Həmçinin onun qaz yataqlarının işlənməsi üçün texnologiya, təcrübə və mütəxəssislərimizlə kömək edirik”. Hərbi ekspert şübhə etmir ki, Azərbaycan müdafiə naziri yəqin şəxsən öz sahəsinə aid olan məsələləri öz həmkarları ilə müzakirə edəcək, bu ölkənin istehsalı olan ən müasir silah və texnologiya ilə tanış olacaq, gələcək kommersiya müqavilələrinin bağlanması istiqamətində danışıqlar aparacaq.

Politoloq Elxan Şahinoğlu də hesab edir ki, Zakir Həsənovun İsrailə səfəri uğurlu oldu: “Əsas odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq davam edəcək. Doğrudur, erməni lobbisi çox çalışdı ki, bu əlaqələr pozulsun, hətta bu məqsədlə İsrail mətbuatında dezinformasiyaya əsaslanan yazıların yayınlanmasına nail oldu. Ancaq Zakir Həsənovun Təl-Əvivdə yüksək səviyyədə qəbulu ondan xəbər verir ki, İsrail hökuməti Azərbaycanla əməkdaşlıqdan məmnundur və bu əməkdaşlığın inkişafına çalışır. Düşünürəm ki, bu səfərin yekunu olaraq İsrail Azərbaycana yeni modern silahlar satacaq”. Ekspertin sözlərinə görə, bu arada, blogger Aleksandr Lapşinin sərbəst buraxılması həm prezident İlham Əliyevin humanist addımı kimi qiymətləndirildi, həm də Zakir Həsənovun İsrailə səfərinə müsbət təsir etdi: “Məsələ burasındadır ki, Bakı Lapşini Rusiya vətəndaşı kimi deyil, İsrail vətəndaşı kimi sərbəst buraxdı. Ən önəmlisi odur ki, Aleksandr Lapşinə ”Dağlıq Qarabağ Azərbaycanın ərazisidir" ifadəsini dedirtdik. Əlbəttə, Lapşinin daha sonra nələr deyəcəyini söyləmək çətindir, ancaq ən azı cəzasından azad olunmasını heç zaman unutmamalıdır".

Belə bir ərəfədə, xüsusilə də Azərbaycan müdafiə nazirinin İsraildə səfərdə olduğu müddətdə, üstəlik, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi gündəmdə ikən işğalçı ölkə ordusunun Ağdamda hərbi təlimlər keçirməsi sözsüz ki, açıq təxribat cəhdidir. 2014-cü ilin payızında da, məhz BMT Baş Assambleyası keçirildiyi mövsümdə Ermənistan Ağdam istiqamətində təxribata əl atmışdı və döyüş vertolyotu ordumuz tərəfindən vurulmuşdu. Sanki düşmən növbəti dəfə danışıqlardan qaçmaq üçün vəziyyəti gərginləşdirmək istəyir.

E.Şahinoğlu da razıdır ki, erməni ordusunun BMT sessiyası ərəfəsində işğal altındakı torpaqlarda hərbi təlimlərə başlaması təxribatdır: “Bu ondan xəbər verir ki, İrəvan münaqişənin həllini arzulamır, tam tərsinə, status-kovunun davamına, yəni işğalın davamına çalışır. İrəvanın sülh yolu ilə torpaqlarımızı azad edəcəyini gözləmək əbəsdir. Buna görə işğalçıya təzyiqi davam etdirmək lazımdır. Bu, yeganə mümkün yoldur. İrəvan da bunu anlayır. Elə Zakir Həsənovun İsrailə səfəri də bu siyasətin tərkib hissəsidir, yoxsa Təl-Əvivə müdafiə naziri yox, xarici işlər naziri səfər edərdi”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə bildirdi ki, düşmənin keçirdiyi hərbi təlim deyil: “Onlar, sadəcə, döyüş atışlı məşqlər keçirirlər”.

XİN-in mətbuat katibi Hikmət Hacıyev də “Yeni Müsavat”a işğalçı ordunun təlim deyil, atəş hazırlığı keçirdiyini bildirdi: “Amma sözsüz ki, bu, Ermənistanın növbəti təxribatdır. Xüsusilə də növbəti görüş ərəfəsində belə bir hərəkətə əl atılması təxribatdır. Bakı mütəmadi olaraq ATƏT-in sədrini, həmsədrləri düşmənin təxribatları barədə məlumatlandırır. Həmçinin ATƏT-in səhra köməkçisi vasitəsilə müvafiq qurumlar məlumatlar əldə edir. Bu, ənənəvi erməni siyasətidir. Həmişə növbəti görüşlər ərəfəsində belə təzyiq xarakterli təxribatlara əl atılır”.

Nyu-York görüşünün nə zaman keçiriləcəyinə gəldikdə, XİN rəsmisi dedi ki, görüşün vaxtı diplomatik kanallarla araşdırılır: “Gündəlik bəllidir. ABŞ-ın Minsk Qrupundakı sabiq həmsdəri Hoqland tərəfindən də münaqişənin həlli prinsipləri bir daha açıqlanıb. Həllin mahiyyətini həmin prinsiplər təşkil edir. Bunun da əsasını Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təşkil edir”. H.Hacıyev bildirdi ki, XİN rəhbəri hazırda Vyetnamdadır, ardınca Laosda səfərdə olacaq, oradan isə Nyu-Yorka gedəcək.

Amma bir məsələ diqqət çəkir. Qarabağ danışıqlarının növbəti raundu ərəfəsində Ermənistan daha bir təxribata hazırlaşır. Belə ki, Nyu-Yorkdakı ikitərəfli danışıqlara hazırlaşan Ermənistan XİN başçısı Eduard Nalbəndyan deyib ki, 10 ölkəni təmsil edən bloggerlərin Dağlıq Qarabağa gələcək. Ermənistan parlamentindəki çıxışı zamanı Nalbəndyan bloggerlər qrupu Dağlıq Qarabağdakı 15 sentyabrda keçiriləcək “14-cü araq festivalında” iştirak etməyə gələcəyini deyib. İddia edib ki, bəzi bloggerlər Qarabağın turizm potensialı barədə materiallar da hazırlayacaq. Bu faktın özü Ermənistanın Qarabağ siyasətində hər hansı dəyişiklik olacağına bəslənən ümidləri heçə endirir.
Elə siyasi şərhçilər də bu fikirdədir. Politoloq Elxan Şahinoğlu bildirdi ki, BMT-də ayrıca Azərbaycanın irəli sürdüyü sənədin müzakirə ediləcəyini gözləmir: “Buna baxmayaraq, BMT-də GUAM ölkələrinin ərazi bütövlüklərini dəstəkləyən sənədin qəbulu mümkündür. Problem ondadır ki, beynəlxalq təşkilatlarda Azərbaycanın xeyrinə qəbul edilən sənədlər münaqişənin həllini sürətləndirmir. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT çərçivəsində görüşündən də nəticə gözləməyə dəyməz”.
Gözləyək. Hər halda, Ermənistan BMT görüşünü əngəlləmək üçün növbəti təxribatlara əl atmasa, ən azı nazirlər foto çəkdirmək üçün bir araya gələcəklər.

Bu arada Rusiyada səslənən mövqe də maraq doğurur. “Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”. Virtualaz.org xəbər verir ki, bu sözləri Moskvada keçirilən və Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan konfrans zamanı rusiyalı ideoloq Aleksandr Duqin deyib. Politoloq qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır” - Duqin vurğulayıb. Hər halda, Putinin danışan dili sayılan Duqinin 5 rayon qaytarılmalıdır" açıqlamasının arxasında hansısa planın olduğu ehtimalı var. Rusiyadan səslənən bəyanat Avrasiya Birliyindən çıxmaqla bağlı Ermənistan parlamentindəki təşəbbüsə cavab da ola bilər. Bəlkə elə buna görə baş nazir Karen Karapetyan tez-tələsik deputatlar qarşısına çıxıb “hazırda Ermənistanın Avrasiya Birliyindən çıxması məsələsi gündəlikdə deyil” açıqlaması verdi. Hər halda, Bakı həm sülh, həm də hərb müstəvisində işini görür. XİN başçısı Elmar Məmmədyarovun Nyu-York səfəri ərəfəsində müdafiə naziri Z.Həsənovun İsraillə hərbi müzakirələr aparması da bunun təsdiqidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər