15 Sentyabr 2017 09:38
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Azərbaycanın bütün məktəblərində dərslər başlanıb.

Teleqraf.com xəbər verir ki, 2017-2018-ci tədris ili ümumi təhsildə keyfiyyət ili elan olunub.

Bu il ümumtəhsil məktəblərində 164 min 945 şagird birinci sinfə gedir. On birinci sinif şagirdlərinin sayı isə 87 min nəfərdir. Ölkə üzrə 4 min 457 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə təhsil alanların sayı 1 milyon 455 min 49 nəfər təşkil edir. Bütün məktəblərdə ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusundadır.

Məqsəd Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar, torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir. İlk zəngin sədaları 24 ildən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində eşidildi.

Cocuq Mərcanlı da daxil olmaqla Bakı və bəzi bölgələrdə şagirdlər yeni tədris ilinə yeni məktəblərdə başlayırlar. Bu il 71 məktəb inşa edilib, 12 ümumtəhsil müəssisəsində əsaslı təmir aparılıb. Respublikanın 460 məktəbində cari təmir işləri görülüb, 24-də isə işlər davam etdirilir. Yeni təhsil müəssisələrindən 60-ı modul tiplidir. 44 rayonu əhatə edən 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəblərinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Ölkə üzrə ehtiyac olan ərazilərdə modul tipli məktəblərin quraşdırılması işlərinin 2018-ci ildə tam başa çatdırılması gözlənilir.

Məktəblərin lazımi tədris vəsaitləri ilə təminatına da xüsusi diqqət yetirilib. Belə ki, 241 adda 4 milyon 563 min 416 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilərək yerlərə çatdırılıb. Müəllimin cəmiyyətdə nüfuzunun daha da artırılması istiqamətində görülən işlərin nəticəsi olaraq bu sahəyə üz tutan gənclərin sayı artıb.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4 minə yaxın namizəd müəllim adı qazanıb. Onlardan 651-i Bakıdakı məktəblərdə müvafiq işlə təmin edilib. Tətbiq olunan yeniliyə əsasən müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək. Dövlət başçısının 23 avqust tarixli Sərəncamı ilə onların əməkhaqqı yanvardan orta hesabla 30-40 faiz artımla ödəniləcək.

Müəllimlik ixtisasını seçən abituriyentlərin ballarında da artım müşahidə olunur. Bu il 500-dən yuxarı bal toplayan 1300 abituriyent müəllimlik ixtisasını seçib. Ümumilikdə son dörd ildə tələbələrin sayı 11,6 faiz artıb. Bu il qəbul imtahanlarında abituriyentlərdən 36 min 428-i tələbə adını qazanıb. 42 ali təhsil ocağının 5-də plan yerləri 100 faiz dolub.

Qəbul imtahanlarında 2 min 464 nəfər 600 baldan yuxarı nəticə göstərib. On beş abituriyent isə 700 bal toplayıb. Aparılan islahatlar təhsilin bütün pillələrini, o cümlədən məktəbəqədər təhsili də əhatə edir. Artıq 65 rayon üzrə 2 min 826 məktəbdə hazırlıq qrupları yaradılıb. Belə qruplara 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilir və təhsil dövlət hesabına ödənilir. Hazırlıq qrupları uşaqların tədrisə hazırlıqlı başlanması, dərs prosesinə əvvəlcədən öyrəşməsi, müəyyən bilik və bacarıqların formalaşması baxımından əhəmiyyətli rola malikdir.

Bunun üstünlüklərindən biri də məktəbə hazırlıq qrupunu bitirən, 6 yaşı tamam olmayan uşaqların birinci sinfə müsabiqədənkənar qəbul edilməsidir. 2017-2018-ci tədris ilində beşyaşlıların 65 faizinin məktəbə hazırlıq qruplarına cəlb olunması nəzərdə tutulub. Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha yaxşılaşdırılır. Bu isə təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər