18 Sentyabr 2017 16:16
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana ilk dərs günü övladını döyən müəllim barədə Təhsil Nazirliyinə şikayət edəcək.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrin birində Aytən Əliyeva adlı istifadəçi oğlunun ilk dərs günü Abşeron rayonu Saray qəsəbəsi 3 saylı tam orta məktəbin müəllimi tərəfindən təhqir olunduğu barədə paylaşım edib.

Ananın sözlərinə görə, müəllim birinci sinfə gedən övladını əvvəlcə döyüb: “Mən şokdayam. İlk dərs günü birinci sinfə gedən övladımı müəllimi əvvəlcə döyüb, daha sonra isə sinifdəki bütün şagirdləri qulaqlarını və ayaqlarını kəsəcəyi ilə hədələyib. Sonra uşağı 15 dəqiqə sinif otağının küncündə saxlayıb. Səbəb isə suala yerindən cavab verməsi olub”.

Aytən Əliyev əlavə edib ki, Təranə müəllim əslində onun övladı oxuyan sinfə əvəzedici müəllim kimi gəlib:

“Övladım Yeganə müəllimin sinfinə qoymuşdum. Dərs ili başlananda isə bizə bildirdilər ki, o, işdən çıxıb və sinif müvəqqəti olaraq Təranə xanıma tapşırılıb. Bu barədə sinfin heç bir valideyninə məlumat verilməyib”.

Valideyn bildirib ki, oğlu Vaqif bu hadisədən çox qorxub:

“Oğlum pis qorxub və daha məktəbə getmək istəmir. Müəllim 7 yaşlı uşağa məktəbi sevdirmək əvəzinə, psixoloji travma yaşadır. İstəyim odur ki, Təranə müəllim cəzalandırılsın”.

Məktəblə əlaqə saxladıq. Adını bildirmək istəməyən Tədris işləri üzrə direktor müavini məsələdən xəbərsiz olduğunu və artıq birinci sinif müəllimlərinin dərsinin bitdiyini bildirdi: ”Müəllimləri yığıb araşdırarıq, görək nə məsələdir”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər