18 Sentyabr 2017 20:15
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitə gündəliyə daxil edilən 19 məsələ haqqında müzakirə aparıb.

Komitənin sədri İsa Həbibbəyli diqqətə çatdırdı ki, yaz və növbədənkənar sessiyalar ərzində komitə üzvləri çox məhsuldar işləyiblər. Hesabat dövründə 6 iclas keçirilib, “Təhsil haqqında”, “Milli arxiv fondu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunlara lazımi dəyişikliklər edilib.

Xüsusi qeyd edildi ki, bu müddətdə “Məktəbəqədər təhsil haqqında” qanun Milli Məclisdə qəbul olunub, ölkə Prezidenti tərəfindən artıq imzalanıb və bununla bağlı aidiyyəti qurumlarda müvafiq işlər həyata keçirilir. Bundan başqa, komitəyə vətəndaşlardan 100-dən çox ərizə və məktub daxil olub. Bunlar əsasən, müəllimlərin işlə təmin olunması, təhsil haqqının ödənilməsi, xaricdə təhsil almış məzunların diplomlarının ölkəmizdə tanınması və bir sıra digər məsələləri əhatə edir.

Komitə sədri cari ilin payız sessiyasının iş planı ilə əlaqədar bildirdi ki, vacib qanunlardan biri olan “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı artıq işçi qrupunun iclası olub, mütəxəssislərlə müzakirələr aparılıb, bu sahədə beynəlxalq təcrübə öyrənilib. O, məlumat verdi ki, Macarıstana səfəri zamanı bu sahənin mütəxəssisləri ilə bir sıra görüşlər keçirib, orada peşə təhsili müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub. Eyni zamanda, bu istiqamətdə ölkəmizdə görülən işlər, peşə məktəblərində təhsilin səviyyəsi araşdırılıb.

Qeyd olundu ki, qanun layihəsinin ilkin variantı artıq hazırdır və yaxın günlərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə göndəriləcək. Qanun layihəsinin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

Sessiya ərzində “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun formalaşması, lazımi materialların toplanması istiqamətdə tədbirlər həyata keçiriləcək. Habelə, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi keçiriləcək.

Komitə üzvləri 2017-ci ilin payız sessiyasının iş planını müsbət dəyərləndirdilər və təsdiq etdilər.

Gündəlikdəki digər məsələlərlə bağlı bildirildi ki, müzakirəyə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə sənəd təqdim olunub. Sazişə əsasən, ölkələrimiz arasında hər il bakalavr üzrə 5 nəfər və magistr proqramı üzrə 5 nəfər olmaqla təhsil alanların ekvivalent mübadiləsi həyata keçiriləcək. Bu saziş iki dövlət arasında təhsil sahəsində əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulmasına xidmət edəcək.

İclasda bəzi qanunlara dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlərə də baxıldı. Qeyd edildi ki, Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Heyvanlar aləmi haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Təhsil haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında”, qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də bir sıra düzəlişlər nəzərdə tutulub. Bu düzəlişlər adı çəkilən sənədləri “Elm haqqında” 2016-cı il 14 iyun tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Komitə üzvləri Bəxtiyar Əliyev, Asim Mollazadə, Rafael Hüseynov, Musa Qasımlı, Şəmsəddin Hacıyev, Gövhər Baxşəliyeva, Sona Əliyeva, Kamilə Əliyeva öz çıxışlarında elmi araşdırmaların maliyyələşməsi, dərsliklər və dərs vəsaitlərinin hazırlanması, peşə təhsili ilə bağlı regionlardakı durum və bir sıra digər məsələlər barədə fikirlərini açıqladılar.

Millət vəkilləri qanunlara təklif olunan dəyişiklikləri müsbət qarşılayıb və gündəlikdəki məsələləri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər