29 Sentyabr 2017 15:45
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması məqsədəuyğun deyil. Azərbaycanın yerləşdiyi coğrafi məkan elədir ki, narkotiklərin qeyri-qanuni yolla gətirilməsində tranzit kimi istifadəsində cəhdlər göstərilə bilər.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

N.Hüseynovun sözlərinə görə, hazırda məcəllənin 234.1-ci maddəsində göstərilən qeyddə bildirilir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev də Milli Məclisdə keçirilən Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə narkotik vasitələrdən istifadə edənlərin məsuliyyətdən azad edilməsi ilə bağlı dəyişikliklərə dair ictimai dinləmədə Ali Məhkəmə və Baş Prokurorluq nümayəndələrinin fikirlərinə münasibət bildirib.

V. İsayev deyib ki, 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb. O qeyd edib ki, burada mövqe birmənalı olub: “Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər