3 Noyabr 2017 13:30
3 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:28

Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi başlayıb.

Teleqraf.com-un məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən vida mərasiminə mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri qatılıb.

***

10:05

Aparıcılar Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Nərgiz Cəlilova da mərasimdədir.

Uzun illər Azərbaycan televiziyasında Rafiq Hüseynovla işləmiş diktor Şərqiyyə Hüseynova bildirib ki, xalq artistinin ölümdən sarsılıb: "Bu gün mənim üçün çox ağır gündür. 50 illik dostumuzu, qardaşımızı itirmişik. Çox gözəl dost, yoldaş idi. Bizə arxa-dayaq idi".

Əməkdar artist, diktor Gülşən Əkbərova Rafiq Hüseynov haqda xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyib: "Rafiq böyük bir məktəb idi. Azərbaycan incəsənəti üçün böyük bir itkidir. O, bizim yaddaşımızda hər zaman uca bir zirvə olaraq qalacaq" .

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

***

10:30

Tədbirə mərhumun sənət dostları, bir sıra dövlət işçiləri, aparıcılar Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Nərgiz Cəlilova və başqaları qatılıb.

Xalq artisti Ofeliya Sənani bildirib ki, Rafiq Hüseynov gözəl səsi olan, əvəzsiz diktor olub: "Onun yoxluğunu təsəvvür eləmək mənim üçün çox çətindir. Biz diktorlar bu yaşda yetim qaldıq. O, əla dost idi. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə məsləhətlərini verirdi.
Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq.

Rafiq Hüseynova Moskvada iş təklif etmişdilər. Mənzil də, yüksək maaş da verirdilər. O, buna razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü".

***

Fərhad Bədəlbəyli mərhumun ölümündən heyfsləndiyini bildirib:

"Dostlarımızı bir-bir itiririk. Dost gedəndə ürəkdən bir parça gedir. O, əsl ulduz idi. Müslüm Maqomayevin vaxtında Rafiq onun qədər məşhur idi. Moskvada onu böyük diktor adlandırırdılar. Çox təəssüf ki, bəzi məmurlarımız onu televiziyadan uzaqlaşdırdılar. Biz öz böyük insanlarımızın qədrini bilmirik. Çox heyif..."

Tanınmış diktor Rafiq Həşimov isə mərhum haqqında fikirlərini belə ifadə edib: "Bəzən deyirlər əvəz edilməz insan yoxdur. Elə deyil. Rafiq Hüseynov unudulmaz adam idi. Rafiq Hüseynov böyük bir dövr, epoxa deməkdir. Azərbaycan xalqına böyük itki üz verdi. Mən çox təəssüf edirəm".

***

Millət vəkili Qənirə Paşayeva Rafiq Hüseynovla bağlı xatirəsini bölüşüb. O, bildirib ki, xalq artisti ilə xaricdə xəstəxanada görüşüb: "Çox nikbin, həyat dolu idi. Rafiq müəllim yaşamaq üçün xəstəliklə uzun mübarizə apardı. Biz söhbət edəndə bunu onun əzmini hiss etdim.

Gənclərin onun peşəkarlığına, nəsihətlərinə ehtiyacı var. Ona dedim ki, sizin eləməli olduğunuz çox şey var. Gənclər sizdən çox şeyləri öyrənməyə ehtiyacı var. Bunun üçün xəstəliklə mübatizə aparmalısız. O da güldü...".

Mİillət vəkili qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva xalq artistinin müalicəsində hər zaman ona dəstək olub: "Onun yaşaması naminə ailəsi də çox çalışdı, mübarizə apardı. Çox təəssüf ki, xəstəliyi şiddətləndi. Tibbin bütün imkanlarına rəğmən onu xilas etmək mümkün olmadi. Nur içində yatsın! Hər zaman yeri görünəcək şəxsiyyətdir. Peşəkar kimi sevgi ilə xatırlanacaq".

11:45

Xalq artisti Ramiz Mirzəyev bildirib ki, Rafiq Hüseynov bir müddət ekrandan kənarda qalıb:

"Narahat idi ki, yeni nəsil onu tanımır. Amma unutmuşdu ki, o, Azərbaycanın yaddaşında həmişəlik qalıb. Nə yaxşı ki, çəkilən filmlərdə onun səsi var. Əlvida, Rafiq".

Əməkdar artist Nərgiz Cəlilova da Rafiq Hüseynovla bağlı xatirələrini bölüşüb: "Mən Rafiq müəllimin tələbələri və yetirmələri adından son dəfə ürək sözlərimi çatdırmaq istəyirəm. Rafiq müəllim son proqramda belə bir fikir söyləməşdi ki, övlad valideynini son mənzilə yollamamalıdır. Biz Rafiq müəllimlə övladı qədər ona doğma ola bilmərik. Gec-tez biz onunla o dünyada görüşəcəyik. Yarımçıq qalan sözlərimizi deyəcəyik. Mən Rafiq müəllimə əlvida demirəm. Görüşərik, əziz müəllim!.."

***

Rafiq Hüseynovla son dəfə yaxınları vidalaşdıqdan sonra mərasim başa çatıb. Mərhumun cənazəsi qaldırılıb.

***

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov dəfn olunub.

O, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.


Müəllif: İlhamə Əbüfət

Oxşar xəbərlər