3 Noyabr 2017 17:34
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Teleqraf.com-a açıqlamasında deyib.

O bildirib ki, 2017-ci il iyunun 1-dən “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklər edilib: "Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. İlin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alınacaq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklif Azərbaycan Prezidentinə təqdim ediləcək.

Dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bu formada həyata keçirilir. Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur.

Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb”.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər