16 Noyabr 2017 11:29
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə İkinci Beynəlxalq təlim konfransı keçirilir.

Teleqraf.com xəbər verir ki, Avropa Azərbaycan Məktəbində keçirilən tədbirin bu ilki mövzusu “Öyrənməyi Öyrənmək” adlanır.

Tədbirdə çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva nazir Mikayıl Cabbarovun konfrans iştirakçılarına məktubunu oxyub. Nazir məktubunda bildirib ki, Təhsil Strategiyasında təhsilin məzmunu və mənimsənilməsinə xidmət edən məqamlara xüsusi diqqət ayrılıb:

“Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsil verənin bilik bacarıqlarının rolu mühümdür. Təhsilin inkişafına nail olan ölkələrin təcrübəsi göstərir ki, müasir düşüncəli, tədrislə bağlı innovatov ideyaları tətbiq edən müəllimlər tədrisin inkişafına mühüm təsir göstərən amillərdəndir. Hər il təhsil prosesini 5 faiz innovativ müəllimlə təmin etmək təhsildə mühüm irəliləyişlər əldə etməyə imkan verir".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov çıxışı zamanı bildirib ki, bir neçə il əvvəlki statistikaya görə, fizika ixtisası üzrə məzunların yalnız 4 faizi müəllimlərin işə qəbul imtahanından keçə bilmişdi: "Bu, müəllim hazırlayan məktəblərə ölüm hökmü deməkdir”.

Rektor bunun səbəbini təhsil sistemində illərdir istifadə edilən test üsulunun əzbərçi nəsil yetişdirməsində gördüyünü deyib: “Bu vaxta qədər keçdiyimiz tədris üsulu bu gün dünyada qəbul edilmir. Tələbəyə öyrənməyi öyrətmək lazımdır. Tələbə biliklərini cəmiyyət, bəşəriyyət üçün necə istifadə edilməsini öyrətmək lazımdır. Bu gün biz məcbur qalaraq test üsulundan istifadə edirik. Bu sistem vasitəsilə əzbərçi nəsil yetişib”.

Rektor bildirib ki, ölkəmizdə məktəb və təhsil sistemi daim yenilənməlidir. Çünki dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələri məhz bu yeniliklərlə uğur əldə ediblər.

“Bu il bizim universitetə 281 nəfər 500-dən çox balla daxil olub. 3-4 il əvvəl bu rəqəm 6 nəfər idi. Bu tələbələrin əksəriyyəti filiallarımızda olan tələbələrdir. Filologiya fakültəsində təhsil alanların 50 faizdən çoxu 500-dən çox bal toplayıb və onlar ilk yerdə məhz bu ixtisası göstəriblər. Bu da ölkədə müəlllim peşəsinə verilən dəyərdir. Lakin təhsil məzmununun yenilənməsinə ehtiyac var. Çünki 500-dən çox balla ali məktəbə daxil olan tələbəyə yüksək təhsil verilməlidir. Təhsilin yenilənməsi müəllimlərin yetişdiyi ali məktəblərdən başlanmalıdır. Bizim universitetimizdə bu ildən yenilik etdik. Ali məktəbdə adətən, vakant yer tutmaq üçün universitet daxili iclaslarda həll edilirdi. Azərbaycan mühitində ilk dəfə olaraq bizim ali məktəbdə müəllimlərin işə qəbulu müsabiqə yolu ilə keçirildi. İnsanlar bir vəzifənin ömürlük onlara məxsus olduğunu zənn etməməlidirlər. Təşkil etdiyimiz müşabiqədə 114 yerə 500 adam sənəd vermişdi. Qalib olanların 10 faizi kənardan gələnlər idi. Bu da ildən-ilə müəllimlərin yenilənməsi prosesinin tərkib hissəsidir”.

Rektor bildirib ki, ali məktəblər müəllimlərin öyrənməsi üçün özləri şəxsən addımlar atmalıdırlar: “Bu vaxta qədər keçdiyimiz tədris üsulu bu gün dünyada qəbul edilmir. Tələbəyə biliklərindən cəmiyyət, bəşəriyyət üçün necə istifadə etməyi öyrətmək lazımdır”.

Qeyd edək ki, təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçirilən konfransın məqsədi iştirakçıların bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirməkdir. Bundan əlavə, konfransda düşünmənin baş vermə prosesi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin rolu təhlil edilib.

Konfransda üç tanınmış beynəlxalq məruzəçi – Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edir.Tədbirdə əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil müəssisələri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcək.

İki günlük konfransdan sonra, noyabrın 18-də “Master Klass”seminarları təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər