“BakuBus” daşıyıcı şirkət olaraq ödəniş və ya bütün yeni qaydaların tətbiq olunmasını yalnız və yalnız bu sahəni tənzimləyən qanunverici bazaya əsaslanır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakubus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Priyev deyib.
Onun sözlərinə görə, qanunverici baza isə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarıdır:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2017-ci il tarixli 166 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na yeni məzmunda əlavələr edilib. Həmin əlavəyə əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedirlər.
Yeni düzəlişə əsasən, 5 yaşdan 10 yaşadək hər bir uşağa gediş bileti yalnız müntəzəm avtobus marşrutlarına aid edilir”.
Qeyd edək ki, Milli Məclisdə çıxışı zamanı millət vəkili Faiz Mustafa Bakubus MMC-ni də tənqid edib: “Qanunla 5 yaşına qədər olan uşaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edir. 5-10 yaşlı uşaqlar isə ictimai nəqliyyatdan istifadə edərkən biletin yarısının pulunu ödəməlidir.
"Bakubus" son dövrlər bir sıra yeniliklər edib. Ancaq təəssüf ki, MMC-nin sürücüləri 5-10 yaşlı uşaqlardan tam bilet pulunu ödəməyi tələb edirlər. Hesab edirəm ki, bu məsələyə diqqət edilməli, qanunun işləməsi təmin edilməlidir”.