2 Dekabr 2017 10:52
9 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsöhbətimiz radio aparıcısı, qadınlarla bağlı sayt müəllifi və baş redaktoru, eləcə də videobloger Səma Abiyevadır.

Teleqraf.com məşhur videobloggerlə müsahibəni təqdim edir.

- Səma xanım tez-tez xaricdə səfərlərdə olursuz. Öncə təəssüratlarınızı bölüşərdiz…

- Parisdə “Rene Furterer” adlı saça qulluq markasının 60 illik yubleyinə dəvət almışdım. Yubleyin təşkilatçıları azərbaycanlı bloggerləri araşdıraraq siyahı tərtib etmiş, siyahıdan da məni seçmişdilər. Orada öyrəndim ki, Qafqazdan dəvət alan yeganə bloggerəm.

Tədbirdə həmin brendin yaradıcısı Rene Furtererin nəvəsi ilə görüşdük və ondan müsahibə götürdüm. Bizim haqqımızda təəssüratları çox gözəl idi. Məndən hansı masada əyləşəcəyimi soruşdu, sonradan gəlib bizim masada əyləşdi, diqqət göstərdi. Orada fransızların azərbaycanlılara qarşı diqqətinin şahidi oldum. Düzü, bunu gözləmirdim. Elə bilirdim ki, bu, tək mənə münasibətdir.

Amma ikinci səfərimdə ölkəmizin YUNESKO-ya qəbul olunmasına həsr edilən Azərbaycan mədəniyyət gecəsinə dəvət aldım. Orada da azərbaycanlılara maraq gördüm. Bu məni çox sevindirdi, başa düşdüm ki, fransızların bizə simpatiyası var.

Üçüncü dəfə isə “Pierre Montale” parfümünün Bakıda satış köşəsi açılanda parfümün Parisdəki butikini ziyarət etməyi təklif etdilər.

Mən bu səfərlər üçün heç bir çaba göstərməmişəm, heç yerə müraciət etməmişəm. Bütün bu şanslar özü-özünə gəlib. Dekabr və yanvar aylarında iki ölkəyə dəvət almışam.

- Bir qadının eyni zamanda ana, sayt rəhbəri, videoblogger, radio aparıcısı olması çətin deyil?

- Çətindir, amma zövqlüdür. Asan işi hamı bacarır, çətinliyin öhdəsindən gəlməksə motivasiya verir.

- Bildiyimə görə, videolarınızı özünüz çəkib montaj edirsiz. Sizi özünüz çəkdiyiniz videolar daha yaxşı ifadə edir, yoxsa başqa birinin çəkdiyi?..

- Özüm çəkib hazırladığım videolarda daha sərbəstəm. Amma küçə çəkilişlərində mütləq köməkdən istifadə etməli oluram.

- Siz videobolggerliyə başlayanda tək-tük insanlar bu işlə məşğul olurdu, amma indi belələrinin sayı artıb. Sizcə, bundan sonra da videobloq yaradan insanlar geniş izləyici kütləsi toplaya bilər?

- Videoblogger olmaq blogger olmaqdan qat-qat əziyyətlidir, bu səbəbdən hər kəsin bu işə səbri çatmır. Səbirsiz olanda işi yarımçıq və ya daimi etmirsən. Müntəzəm olmayanda izləyici küsüb səndən uzaqlaşır.

- Hazırda yumor, makyaj, paltar, səyahət barədə video çəkənlər daha çoxdur. Bəs bazarda hansı istiqamətlər boşdur?

- Kitab, film, sağlam qidalanma, fitnes, dizayn sahələri…

- Səhv etmirəmsə, bacınız və oğlunuz da video çəkir. Yəqin sizdən ilhamlanıblar…

- Onlarla video təcrübəmi bölüşdükcə ilhamlandılar. Oğlumla daha çox videolar çəkəcəyik, bacım isə montajın incəliklırini dərindən mənimsəməyə başlayır.

- Bir dəfə bir firmanın məhsulları ilə bağlı canlı yayımdaydız. Gələn şərhlərdən bir neçəsində yazmışdılar ki, siz bahalı firmalarla işləyirsiz və sizi izləyən bir çox insanların həmin məhsullardan istifadə etmək imkanı yoxdur…

- Mass-market məhsullarının xüsusi nümayişinə və özəl testinə ehtiyac olmur. İstənilən şəxs istənilən marketdə məhsulu əldə edib sınaya bilir. Amma premium məhsullarını yalnız müəyyən alıcı kütləsi əldə edir. Azərbaycan reallığında bəllidir ki, bu, azsaylı bir kütlədir. Məncə, 50 minlik İnstaqram səhifəsində premium məhsulu almağa imkanı çatanların olması tamamilə mümkündür.

- Gündəlik iş qrafikiniz gərgindir. Övladlarınıza yetərincə vaxt ayıra bilirsiz?

- Bunun üçün nizamlı hərəkət edirəm. Konkret və dəyişməz günlər var ki, həmin günlərimdə ancaq övladlarımla birgə oluram. Amma növbəlilik prinsipi ilə… Bəzi günləri yalnız oğluma, bəzisini qızıma ayırıram. Gecələr tez-tez söhbətləşərək oğlumla yuxuya gedirik. Videoları birlikdə düşünüb çəkirik. Kinoya, teatra gedirik. Qızımı inkişaf dərnəklərinə aparanda onunla birgə dərsdə oynayıram...

- Sirr deyilsə, videobloggerlikdən təxminən nə qədər gəlir əldə edirsiz?

- Sirr deyil, amma açıqlamaq da düzgün olmaz. Bir onu deyə bilərəm ki, bu işi ustalıqla edəndə kifayət qədər böyük pullar qazanmaq olur. Mən bir vaxtlar bu işdən bu gün qazandığım məbləği ağlıma belə gətirmirdim.

- Müsahibələrinizdə qeyd etmisiz ki, uğurunuzun sirri “mən onlar kimi vaz keçməyəcəm” deyib, yola davam etməkdir. Bəs olubmu ki, bu vədinizə xilaf çıxmağı düşünmüsüz, yorulmusuz?

- Yox, ən qorxduğum şey vədə xilaf çıxmaqdır. Verdiyim sözü var gücümlə tutmağa çalışıram. Çünki kiminsə ümidini qırmaq və ya yarımçıq qoymaq mənə əzab verir.

- Sizi izləyən biri kimi deyə bilərəm ki, uğurlarınızda yoldaşınız Tural bəyin də xüsusi yeri var. Həyat sizi Tural bəylə rastlaşdırmasaydı, yenə məhşur blogger Səma Abiyeva olardız?

- Mən həmişə demişəm ki, Tural mənim üçün mayakdır. Onunla birgə irəliləmək addımlarımı daha qəti və əmin edir. Amma öz daxilimdəki işləmək əzmini, bacarığı, potensialı heç kim süni yolla mənə transplantasiya edə bilməz. Bəli, mən Turalsız da Səma Abiyeva olardım. Amma buna nail olmağım üçün yolum daha uzun və qurbanlarla dolu olardı.

- İşini bəyəndiyiniz həmkarlarınız varmı?

- Var, amma çox azdır. Bu sahədə irəliləyən bloggerlərin böyük əksəriyyəti ilə gözəl və səmimi münasibətlərim var. Aralarında etibarlı dostlarım da az deyil. Əksəriyyətinin insanlığını dəyərləndirdiyim üçün peşəkar nöqsanlara diqqət çəkmək istəmirəm, ona görə bəyəndiyim bloggerlərin adını çəkə bilməyəcəm.

- “Bu sahə sənlik deyil, başqa yerdə özünü sına” deyə biləcəyiniz bloggerlər necə, varmı?

- Hazırda blogger bumu yaşanır. Hansı səmtə baxırsan, hansı insana salamlaşmaq üçün əl uzadırsan, hansı qapıdan girirsən, bloggerlə rastlaşırsan. Bəziləri yanlış düşüncədən ilhamlanaraq bu yola çıxırlar. Bəziləri elə bilir ki, telefonla selfi çəkib, qarderobunun bahalı parçaları və sevdiyi göz kölgələri ilə makiyaj edərək blogger olmaq mümkündür. Halbuki iş bununla bitmir.

Məsləhət, məlumat dolu dostlardan məhrum İnstaqram səhifələri günü-gündən artmaqdadır. Təəssüf ki, bloqu olmayan bloggerlər də çoxdur. Amma zaman bu sahəni peşəkarlara buraxacaq.

- Videobloggerlikdən pul və uğur qazanmaq istəyənlərə nə məsləhət bilərdiz?

- Videobloggerliyə pul mənbəyi kimi baxmaq ilk səhv addımdır. Amma ona iş kimi baxmamaq da gələcəkdə pul qazanmağa mane ola bilər. Yaratmaq və bölüşmək eşqi səni boğur və irəli səsləyirsə, deməli, artıq blogger ruhu içində doğulub. Deməli, başlamağın vaxtıdır.


Müəllif: Şəfiqə Nazimqızı