Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Yaradılan İctimai şura da bu məqsədə xidmət edir.
Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə dekabr ayının 11-dən etibarən 30 iş günü müddətində Nazirliyin Seçki Komissiyasına müraciət edə bilərlər.
Müraciətə həmçinin namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
İctimai şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq 2018-ci ilin 2 fevral tarixində saat 16:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcək.
Əlavə məlumat əldə etmək üçün 541 97 53 nömrəli telefonla əlaqə saxlamaq olar.