14 Dekabr 2017 10:21
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.

Teleqraf.com Dövlət Sərhəd Xidmətinin saytına istinadla xəbər verir ki, bu barədə qurumun 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

13 dekabr 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib. Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyi məsə­lələrinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş struktur islahatlar, Döv­lət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış etmiş, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin təmə­lini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının 5-də Dövlət Sərhəd Xid­mə­tinin strukturunun təkmilləşdirilməsi, DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;

- xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılmış, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;

- dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.

- 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

- dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları op­timallaşdırılmış, “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarının təş­­kili zamanı DSX qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilmiş, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunub.

- geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­miş, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.

- avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak etmiş, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.

- sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

- Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı və 44 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası 1-ci yerə yüksəlməklə qələbə qazanıb.

- Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin yeni korpusunun inşa olunması nəticəsində məktəbdə təhsil alan kursantların sayının 3 dəfəyədək artırılması şəraiti yaradılıb.

- dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib.

- Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilmiş, hesabat dövründə bu cür 96 görüş keçirilib.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən vəzifələri və Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər