Bu il IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" Azərbaycan Qran-prisi ilə bağlı yarışlar keçirilən obyektlərdə və digər ərazilərdə baş verə biləcək fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazilər öyrənilib, təxliyə planları işlənilib, fövqəladə halların baş vermə ehtimalı qiymətləndirilib.
Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında nazir Kəmaləddin Heydərov bildirib.
K. Heydərov deyib ki, hər bir obyekt üzrə FHN-nin əsas qüvvə və vasitələrinin hesabatı aparılıb, yanğınsöndürmə, xilasetmə texnika və avadanlıqların yerləşməsi yerləri müəyyənləşdirilib, nazirliyin ehtiyat qüvvələrinin cəmlənmə rayonları təmin edilib: “Yarışlara cəlb olunan könüllülərə hər hansı fövqəladə hadisə baş verəcəyi təqdirdə atılacaq addımlar, tamaşaçıların təxliyəsi barədə məlumat verilib. Şərti xəsarət almış xəstələrə ilkin tibbi yardımın göstərilməsi və şərti yanğın zamanı alovun qarşısının alınması üsulları əyani göstərilib. Ümumilikdə IV İslam Həmrəyliyi Oyunlarına nazirliyin 1505 nəfər şəxsi heyəti və 207 ədəd texniki vasitəsi, Formula-1 Azərbaycan Qran-prisinə isə 835 nəfər şəxsi heyət və 74 texniki vasitə cəlb edilib”./APA/