Bu il Azərbaycanda qaraqurd sancmasından 5 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.
Azər Maqsudov ötən illə müqayisədə bu il hörümçək növlərindən olan qaraqurd sancmasından qeydə alınan ölüm hallarının azaldığını qeyd edib: "2016-cı ildə hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlərin orta yaşlı insanlar olduğu müşahidə edilir".
Baş toksikoloqun sözlərinə görə, ölkədə bu il sirkə turşusundan 237 nəfər zəhərlənib, zəhərlənənlərdən 1-i ölüb: "Ötən illə müqayisədə sirkə turşusundan zəhərlənərək ölənlərin sayında da azalma var. 2016-cı ildə bu diaqnozla xəstəxanaya 254 nəfər daxil olub. Onlardan 3 nəfəri ölüb".
Azər Maqsudov bu il Azərbaycanda ilan sancmalarının sayının artdığını vurğulayıb: "Ötən ildən fərqli olaraq bu il 104 nəfər ilan sancması ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Ötən il bu göstərici 90 nəfər olub. Müraciət edənlər arasında ölən olmayıb".
Baş toksikoloq deyib ki, bu il Azərbaycanda qeydə alınan zəhərlənmə hallarından 89-u spirtli içkidəndir: "Ötən il spirtli içkidən zəhərlənənlərin sayı bu illə müqayisədə daha çox olub. Keçən il 108 nəfər spirtli içkidən zəhərlənmişdi".
Spirtli içkilərdən zəhərlənən insanlar arasında ölüm halı qeydə alınmayıb.
Azər Maqsudovun sözlərinə görə, spirtli içkilərdən zəhərlənən şəxslər hər gün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir: "Demək olar ki, hər gün şöbəyə 5-6 nəfər spirtli içkidən zəhərlənmə ilə müraciət edir. Bunun əsas səbəbləri spirtli içkilərin tərkibinin dəyişdirilməsidir. Ucuz qiymətə satılan bir çox alkoqollu içkilərin tərkibinə qatılan spirtlər insan orqanizmində zəhərlənməyə səbəb olur. Onlar əsasən "bomj"lar olur. Küçələrdə soyuqda qalır və nəticədə zəhərlənmə hadisəsi baş verir".
Baş toksikoloqun deyib ki, bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub, onlardan 602 nəfəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul olunub:
"Ötən il dərmandan zəhərlənmə halları ilə bağlı mərkəzə 1400 müraciət daxil olub. Onlardan 1062 nəfər stasionar müalicəyə qəbul edilib. Qəbul olunanlardan ölüm halı baş verməyib.
Zəhərlənmələrin əsas səbəbləri həkim təyinatı olmadan içilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlar. Nəticədə isə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük."
Azər Maqsudov deyib ki, 2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb.
Onun fikrincə, dəm qazından zəhərlənmə sayının azalmasında KİV-nin maarifləndirmə tətbirlərinin əhəmiyyəti çoxdur:
"2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfərə düşüb. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halları qeydə alınmayıb".