Əmlak Məsələləri Dövlət Komitəsi: “Xarici vətəndaşların daşınmaz əmlak alması 50 faiz artıb”
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yaydığı məlumata görə, ötən il xarici ölkə vətəndaşları Azərbaycanda 1854 əmlak alıblar. Bu, 2012-ci ilə nisbətən 353 vahid və ya 23,5 faiz çoxdur. Məlumata görə, son iki ildə əcnəbilərin Azərbaycanda ev, torpaq, müxtəlif daşınmaz əmlak sahibi olmaları halı 50 faiz artıb. Ötən il xaricilərə məxsus əmlakın 1135-i və ya 60 faizdən çoxu paytaxtda yerləşib. Əcnəbilərə məxsus əmlakın 1188-i mənzildir.
Əcnəbilərə məxsus əmlakda regionların payı da artmaqdadır. 2011-ci ildə xaricilərə məxsus əmlakın cəmi 29 faizi regionlarda idisə, indi bu rəqəm 39 faizə çatıb. Konkret regionlara gəlincə, xaricilər ən çox Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarına üstünlük verirlər.
Bahalı və cəlbedici Bakı...
ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun bildirdiyinə görə, xarici ölkə vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak almaq hüququ tanınsa da, bu, torpağa şamil olunmur. Əcnəbi vətəndaşın torpaqdan yalnız icarəyə götürməklə istifadəsi mümkündür.
Əcnəbilərin Azərbaycanda daşınmaz əmlaka marağının artması bizə nə verə bilər? Bu tendensiya mənzillərin qiymət artımına necə təsir edər?
İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, ƏMDK tərəfindən təqdim edilən rəqəmlər təhlil edildikdə bunun qiymət artımına həlledici təsiri görünmür: “Sözsüz, bu hal bazara tamam təsirsiz də deyil. Amma böyük problem yaradacağı mümkünsüzdür. Bakı cəlbedici və bahalı şəhərdir. Müxtəlif ölkələrdə - Rusiyada, Ukraynada, Gürcüstanda yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşlarıdır, onlar da öz vətənlərində mənzil almağa maraqlıdır. Əvvəlki illərdə də İran vətəndaşlarının Bakıdan mənzil almaq meylləri olub və bu meyllər davam edir. Bu isə ümumən mənzil bazarına investisiya qoymaqdır”.
Vaxtilə çeçen axını mənzil bazarında qiymətləri artırdı
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin bildirdiyinə görə, səslənən rəqəmlər çox da böyük olmadığına görə indiki halda bunun qiymətlərə nəzərəçarpan təsiri mümkün deyil, gələcəkdə isə təhlükəli hallar yarada bilər: “Əcnəbilərin başqa ölkələrdən daşınmaz əmlak alması təcrübəsi inkişaf etmiş ölkələrdə də var. Amma Azərbaycan elə bir geosiyasi ərazidə yerləşir ki, bura potensial olaraq müharibə zonasıdır. Cənubda, İranda müharibə təhlükəsi hər vaxt gözləniləndir. İranda müharibə başlasa, ordakı əhalinin Azərbaycana qaçıb gəlməsi ölkəmiz üçün bir problemdir.
Rusiya, Ukrayna, Gürcüstandan da axın ola bilər. Hazırda onsuz da yerli əhalinin mənzil almaq imkanı azdır. Üstəgəl, belə bir axının yaranması bizdə qiymətləri artıra bilər. Yada salsaq, 1990-cı illərin sonundan Çeçenistandan gələn axın mənzil bazarında canlanma yaratdı və bu da qiymətlərə kifayət qədər təsir etdi. Amma komitənin səsləndirdiyi 2 minə yaxın rəqəm ölkədə tikilən milyondan çox mənzillərlə müqayisədə elə də böyük deyil".
Bakıda fransızlar üçün Paris evləri tikilir
Bakıda “Ağ şəhər”də müasir şəhərsalma metodları ilə fransızlar üçün Paris evləri tikilir, ərazidə 2011-ci ildən fransız liseyinin təməli qoyulub.
Samir Əliyev bildirdi ki, əcnəbilərin Azərbaycanda daşınmaz əmlak almaları sürətlənərsə, bu barədə narahat olmağa və düşünüb bunun qarşısını almağa dəyər: “Bu gün üçün narahatlıq doğurmayan hal olsa da, bu tendensiya sürətlənərsə, mənə elə gəlir, düşünməyə dəyər. Doğrudur, araşdırsaq, Əmlak Komitəsinin səsləndirdiyi rəqəmlərdəki vətəndaşların əksəriyyəti öz vətəndaşlarımız olacaq, onlara da birmənalı şəkildə məhdudiyyət qoymaq düzgün çıxmaz, amma bu tendensiyanın sürətlənməsi, açığını deyim ki, iqtisadi baxımdan böyük təhlükədir”.
Mülklərə sahib olan əcnəbilər...
Hazırda ölkədə, eləcə də, Bakıda mənzil təminatında problemlər var, evsizlər mənzil ala bilmirlər, bir səbəb də evlərin bahalığıdır. Samir Əliyev dedi ki, bazar prinsiplərinə görə, tələb təklifi üstələyəndə qiymətlər qalxır, əksinə olduqda qiymətlər ucuzlaşır. Bizdə isə situasiya elədir ki, ehtiyac tələbə çevrilə bilmir: “Bazarda evlər çoxdur, amma əhalinin maddi imkanı çatmır alsın, ona görə tikilən çoxmərtəbələrin çoxu boşdur. Qiymətləri süni surətdə yüksək saxlayırlar. Bu baxımdan, xaricdən olan vətəndaşlar üçün bu mənzilləri almaq geniş imkanlar aça bilər”.
İqtisadçı hesab edir ki, xarici ölkə vətəndaşının Azərbaycanda torpaq almaq yox, icarəyə götürmək hüququ isə normal haldır və buna şərait yaradılması iqtisadi baxımdan əlverişlidir: “Əcnəbi vətəndaş müəyyən müddətə icarəyə torpağı götürsə də, sonradan bu əmlak torpağa sahib olan yerli vətəndaşa qalır. Xarici vətəndaş bununla ölkə iqtisadiyyatına investisiya qoyur, dövlətə vergi ödəyir, regionlarda bu nə qədər iş yeri deməkdir, yerli istehsalın artması ilə xaricdən baha gətirilən məhsulların qiymətinin enməsi deməkdir”.
Kür-Araz ovalığı xaricinin nəyinə lazımdır?
Regional İnkişaf Mərkəzinin (RİM) rəhbəri Çingiz İsmayılovun fikrincə, əcnəbilərin daha çox Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarına üstünlük verməsi coğrafi şəraitlə əlaqədardır: “Regionlara olan marağın artmasında ölkə turizminin də rolu var. Əcnəbi, əlbəttə, çalışacaq ki, aldığı əmlak səfalı yerdə olsun. Kür-Araz ovalığı onun nəyinə lazımdır? Soruşa bilərsiniz, Lənkəran da səfalıdır, oradan niyə ev almırlar? Lənkəran İranla sərhəd olduğuna görə, İrana da beynəlxalq sanksiyalar qoyulduğu üçün xarici vətəndaş üçün cəlbedici deyil.
Təbii iqlim şəraiti, su ehtiyatlarının olması, əlverişli iqtisadi coğrafi mövqeyi, sərvətlərinə görə adıçəkilən zonalar onlar üçün daha cazibədardır. Bu baxımdan, istehsal təyinatlı binalara, icarə torpaqlarına əcnəbilərin üstünlük verməsi ölkəmiz üçün daha yaxşı olardı.
Quba-Xaçmaz və Zaqatala-Balakənin torpaqları məhsuldardır. Azad işçi qüvvəsi çoxdur və o qədər də böyük vəsait xərcləmədən onları işə cəlb etmək olar. Torpaq mülk olaraq Azərbaycanın sərvətidir və mülk kimi xarici ölkə vətəndaşına satılması mümkün deyil. Ona görə də xarici investorların Azərbaycana sərmayə qoymaları sevindirici haldır".
Çingiz İsmayılov dedi ki, hazırda xeyli məhsuldar torpaq sahələri var ki, bir qrupun əlindədir, amma istifadəsiz qalıb. Həmin sahələri xarici sərmayədar icarəyə götürsə, bu ölkəyə gəlir gətirər.
“Balansı belə saxlayaq...”
RİM sədrinin fikrincə, xarici vətəndaş regionlarda kənd təsərrüfatına diqqət yönəldirsə, demək, ölkədə siyasi sabitliyə, iqtisadi inkişafa inamı var: “İcarədar torpağı ən azı 10-15 il icarəyə götürür. Azərbaycan açıq dövlətdir. Bu hal Azərbaycanın ümumdünya iqtisadiyyatında əlaqələndirici rolunu artırar.
Azərbaycanın imici üçün iqtisadi əlaqələrin genişlənməsi, texnoloji nailiyyətlərin ölkəmizə gəlməsi baxımından xarici investorlara imkan yaradılması çox vacibdir. Son 5 ildə Azərbaycana nə qədər sərmayə qoyulmasını və əksini təhlil etsək, birinci üstünlük təşkil edir və bu balansı belə də saxlamaq lazımdır”.
Sevil HİLALQIZI