20 Dekabr 2017 18:01
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Slavyan Universitetində (BSU) "İki Sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı və müəllifin 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" adlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə tanınmış media təmsilçilərindən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı, "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev, BSU jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova, universitetin nümayəndələri iştirak edib.

Vüqar Rəhimzadə çıxışında monoqrafiyanın özünün bütün yaradıcılığını əhatə etdiyini deyib: "Azad söz və mətbuat azadlığından bəhs edən, elmi mövzuda hazırlanmış monoqrafiya dünya mediası ilə müqayisəli təhlillər əsasında yazılıb. Özüm BSU-nin jurnalistika fakültəsində dərs deyirəm. Bu mənim 50 illik həyatımın bəhrəsidir. Bu monoqrafiya sırf tədris prosesi üçün nəzərdə tutulmasa da, fikrim var ki, gələcəkdə jurnalistika fakültəsində tədris üçün belə bir vəsait hazırlayaq".

BSU rektoru Nurlana Əliyeva tədbir iştirakçılarını salamlayaraq Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib:

"Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önəmli bir sahədir ki, burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən monoqrafiya jurnalistikaya böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edir, fəaliyyətində ona uğurlar arzulayırıq".

Tədbirdə iştirak edən qonaqlar da Vüqar Rəhimzadənin təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.

Hikmət Baboğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanı qiymətli əsər adlandırıb: "Bu monoqrafiya jurnalistikanın fundamental əsəridir desək yanılmarıq. Söz və mətbuat azadlığı yalnız media sahəsinin deyil, eləcə də, cəmiyyətin azad təfəkkürünün ifadəsi deməkdir. Demokratik respublikanın əsas məğzi azadlıqdır. Azadlıq ümumiyyətlə ruhun substansiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meyilli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiya informasiya cəmiyyəti üçün faydalı olacaq".

Akif Aşırlı monoqrafiyanı jurnalistlər üçün fundamental baza hesab etdiyini deyib: "Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdəndir. Bu gün "İki sahil" qəzetinin geniş kollektivi də burdadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası da iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır".

Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatının təqdimatı münasibətilə təbrik edib: "Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan biridir. Gənclərə dəstək olan qələm sahiblərindəndir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikanın təbliğatçılarındandır. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm".

Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, Mətbuat Şurası yaranandan onun verdiyi töhfələrdən danışıb: "Mətbuat Şurası yaranandan Vüqar Rəhimzadə qurumun üzvüdür. Jurnalistika elə bir sahədir ki, insanın aldığı informasiya onun həyatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqaca mühüm rol oynayır. Vüqar müəllim isə çox gözəl jurnalist və dəyərli dostdur".

Tədbirin sonunda Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından suvenir xəncər və gül dəstələri təqdim edib.

Əflatun Amaşov isə Mətbuat Şurası adından Vüqar Rəhimzadəni "Media inkişafında fəaliyyətlərinə və 50 illik yubileyinə görə" diplomu ilə təltif edib.


Müəllif: Könül

Oxşar xəbərlər